Jurnalist, hərbi fotoreportyor Əli Qafarov dünyasını dəyişib


Digərləri 24 Okt 2018 16:01:00 225 0

Jurnalist, hərbi fotoreportyor Əli Qafarov dünyasını dəyişib

Azərbaycan Mətbuat Şurası (MŞ) jurnalist, hərbi fotoreportyor Əli Qafarovun vəfatı ilə bağlı nekroloq yayıb.

Son.az xəbər verir ki, Şuradan Trend-ə verilən məlumata görə, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasının tanınmış simalarından olan, hərbi fotoreportyor Əli Qafarov dünyasını dəyişib. Mərhumun doğmalarına, əzizlərinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini bölüşür, səbr diləyirik.

Qətiyyətlə demək olar ki, Əli Qafarov Azərbaycanın müasir dövr fotojurnalistikasında məxsusi yeri və çəkisi olan fədaidir. 1943-cü ildə Bakıda doğulmuş sənətkar fotoqrafiya üzrə peşə məktəbində təhsil alıb. Əmək fəaliyyətinə portret fotolar çəkməklə başlamış Ə.Qafarov 1970-ci ildən 1991-ci ilədək "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "Azərbaycan idmaçısı" kimi qəzetlərdə fotomüxbir işləyib.

Dövlət müstəqilliyinin ilk illərində "Xalq ordusu" qəzetində çalışmış sənətkarın peşəkar fəaliyyətinə Dağlıq Qarabağ münaqişəsi böyük təsir göstərib. Münaqişənin müharibə alovu hərbi fotoreportyorun yaradıcılıq nümunələrində tam dolğunluğu ilə əksini tapıb. Bu mənada o, bənzərsizliyi və təkrarsızlığı ilə diqqət çəkib.

Ə.Qafarovun sənət yolu misilsiz cəsarət nümunəsidir. Bu yolda çətinliklər, məhrumiyyətlər, qatlaşılması ilk baxışdan mümkün olmayan əziyyətlər var. Əziyyət və çətinliklərə qatlaşmaq əzmi isə onun peşəyə hədsiz bağlılığından və sədaqətindən irəli gələn müstəsna keyfiyyətdir.