Övladlarına görə narahat olan valideynlər


Digərləri 24 Okt 2018 12:39:00 261 0

Övladlarına görə narahat olan valideynlər

Qeyzlənmiş valideynlər: "Belə məktəb, belə təhsil olar?!"

Belə məktəb, belə təhsil olar?!"

Yeni tədris ilinin artıq iki aydan çoxdur başlanmasına baxmayaraq, bir sıra məktəblərdə ənənəvi problemlərin çoxu hələ də öz həllini tapmayıb. Belə problemlərdən biri də siniflərdə şagird sıxlığıdır. Belə ki, bəzi məktəblərdə bir sinifdə 30-35 şagird təhsil alır. Halbuki buna təhsil alır demək çətindir. Əgər nəzərə alsaq ki, bir dərsin müddəti cəmi 45 dəqiqədir, o zaman bu müddət ərzində müəllimin 35 şagirdə fərdi yanaşmasından söhbət belə gedə bilməz. Bu isə təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

Belə problem Bakının Xəzər rayonu, Binə qəsəbəsi S.Abbasov adına 117 saylı tam orta məktəbində də yaşanır. Son.az-a valideynlər tərəfindən daxil olan şikayət məktubundan belə məlum olur ki, bəzi siniflərdəki şagird sıxlığı süni şəkildə yaradılır.

Onların sözlərinə görə, adıçəkilən orta məktəbin bəzi ibtidai siniflərində artıq yetərincə şagirdin təhsil almasına baxmayaraq, siniflərə hələ də yeni şagirdlərin yerləşdirilməsi davam edir. Halbuki, digər paralel siniflərdə şagird sayı daha azdır: "Bəzi paralel ibtidai siniflərdə 25-29 şagird olduğu halda, Aygün Ağayevanın sinif rəhbəri olduğu "2s"ə 35 şagird verilib. Həmin şagirdlərdən bəziləri fiziki qüsurlu və dərs prosesinə çətin alışanlardır. Harda görünüb ki, bu qədər uşağı bir sinfə yığasan? Belə məktəb, belə təhsil olar?! Bilinmir bura məktəbdir, yoxsa bazar! Biz dövlətimizin yaratdığı şəraitlə övladlarımızın normal təhsil almasını istəyirik, daha belə yox. Belə təhsillə Azərbaycan dünyada kiminlə və necə rəqabət aparacaq, necə inkişaf edəcək?!"