Siffeyn savaşı


Digərləri 23 Okt 2018 22:10:00 291 0

Siffeyn savaşı

Hicri təqvimlə səfər ayı İslam tarixində mühüm hadisələrdən sayılan Siffeyn savaşının ildönümü kimi qəbul edilir. Hicri təqvimlə 1403 il əvvəl Siffeyn savaşı məlum nəticə ilə başa çatmış və növbəti hadisələrə yol açılmışdı.

Siffeyn döyüşü Həzrət Əli ibn Əbu Talibin (ə) tərəfdarları ilə Müaviyə ibn Əbu Süfyanın tərəfdarları arasında baş vermiş, on minlərlə müsəlmanın qətli ilə nəticələnmiş böyük bir savaş, hətta belə demək mümkünsə, müharibədir.

Son.az islam.az-a istinadən bildirir ki, Həzrət Əli (ə) xəlifə seçildikdən sonra Müaviyə ona beyət etmədi. Xilafət torpaqlarının böyük əksəriyyəti İmama tabe idi, Müaviyənin əlində yalnız Şam vilayəti qalmışdı. Buna görə də Müaviyə Həzrət Əliyə (ə) qarşı açıq müxalifətdən çəkinirdi.

İmam qasid vasitəsilə Müaviyəyə xəbər göndərib onu qeydsiz-şərtsiz olaraq beyətə çağırdı, əks halda məsələnin müharibə yolu ilə həll ediləcəyini bildirdi. Müaviyə hiylə işlədib İmama cavab verməyi uzun müddət təxirə saldı. Bu müddət ərzində o, mahir siyasətçi kimi tanınan Əmr ibn Ası öz tərəfinə çəkdi, Misir valiliyini vəd etməklə, Əliyə (ə) qarşı mübarizədə onunla müttəfiq oldu. Əmrin məsləhətləri sayəsində o, Şam daxilindəki problemlərini həll etdi, hərbi və siyasi gücünü nizama saldı. Müaviyə xalq içində hörməti olan bəzi qəbilə başçılarını, qocaman səhabələri aldadıb özünə yaxınlaşdırdı. Bu adamlar Müaviyənin əmri ilə Şamı qarış-qarış gəzib camaatı Əli ibn Əbu Talibin (ə) əleyhinə qızışdırdılar. Onlar Osman ibn Affanı qətlə yetirmiş şəxslərin guya Əli (ə) tərəfindən gizlədildiyini söyləyirdilər. Şamlılar da bu yalana inanıb Əliyə (ə) qarşı mübarizədə Müaviyəni dəstəkləyəcəklərini bildirdilər. Qısa müddət ərzində Müaviyə bütün Şam əhalisindən beyət aldı. Öz qüvvəsinə arxayın olduqdan sonra isə İmam Əliyə (ə) cavab məktubu göndərib Osmanın qatillərini təhvil verməyincə ona beyət etmək fikrində olmadığını elan etdi.

Müaviyənin cavabı yubatmasının səbəblərindən biri də Cəməl savaşının nəticələrini gözləməsi idi. Cəməl savaşı İmam Əlinin (ə) parlaq qələbəsi ilə başa çatdıqdan sonra Müaviyə yalnız öz qüvvəsinə arxalanmalı olduğunu anladı və güc topladıqdan sonra öz məqsədini elan etdi.

İmam Əli (ə) xəlifə seçilən kimi dərhal Müaviyə ilə bağlı problemi həll etmək istəyirdi. Lakin Müaviyənin beyəti gecikdirməsi və Cəməl döyüşünün başlanması buna mane oldu. Cəməl döyüşündən dərhal sonra da Şam üzərinə yerimək planı baş tutmadı. Həzrət Əli (ə) Bəsrədən Kufəyə qayıtmağa və burada Müaviyənin cavabını gözləməyə məcbur oldu. Müaviyə cavabı yubandırdığı üçün İmam Əli (ə) hərbi əməliyyata başlamaq əmrini verə bilmirdi. Artıq təşəbbüs əldən verilmişdi. Müaviyə bütün gücünü toplamış və müharibəyə hazır vəziyyətə gəlmişdi.