Respublika Veteranlar Təşkilatının rəhbərliyi Dünya Veteranları Federasiyasının medalı ilə təltif olunub (FOTO)


Digərləri 23 Okt 2018 19:52:00 235 0

Respublika Veteranlar Təşkilatının rəhbərliyi Dünya Veteranları Federasiyasının medalı ilə təltif olunub (FOTO)

Dünya Veteranları Federasiyasının prezidenti, Dan-Viggo Bergtunla Respublika Veteranlar Təşkilatında rəsmi görüş keçirilib.

Bakı. 18 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illiyi münasibəti ilə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” konfransında iştirak etmək üçün Bakıda işgüzar səfərdə olan Dünya Veteranları Federasiyasının prezidenti, Dan-Viggo Bergtunla Respublika Veteranlar Təşkilatında rəsmi görüş keçirilib. Trend-in məlumatına görə, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov Dünya Veteranları Federasiyasının prezidenti, Dan-Viggo Bergtunu salamlayaraq, onun ölkəmizə səfər etməsindən və bu görüşün baş tutmasından məmnun qaldığını bildirərək ona Təşkilatın fəaliyyəti, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı, alman faşizmi üzərində qələbəyə mühüm töhfələr verməsi, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə ətraflı məlumatlar çatdırıb. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov nəinki regionda, bütün dünyada sülhün qorunmasına mühüm töhfələr verən Azərbaycanın bu gün erməni faşizmi ilə qarşılaşması, ərazisinin 20 faizinin Ermənistan Respublikası tərəfindən işğalı olunması, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanması barədə qəbul etdiyi 4 qətnamənin 25 ildən bəri işğalçı dövlət tərəfindən yerinə yetirilməməsi barədə danışmış, bu sahədə dünya veteranlarının məlumatlandırılmasında nüfuzlu təşkilat kimi Federasiyasının mövqeyinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayıb. O, həmçinin rəsmi qonağa Azərbaycan veteran təşkilatının dünyanın 35-dən çox veteran təşkilatı ilə səmərəli əməkdaşlıq əlaqələrinə malik olmasından, bu əlaqələrin ildən-ilə genişləndirilməsi üçün lazımi iş aparıldığından danışıb. Görüşdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə ünsiyyətlərin xüsusi əhəmiyyət kəsb etməsi, Dünya Veteranları Federasiyasının imkanlarından istifadənin qeyd olunan sahədə daha böyük uğurlar əldə edilməsinə yardım göstərəcəyi xüsusi vurğulanıb.