Xalqa xidmət etmək budur?


Digərləri 23 Okt 2018 14:06:00 446 0

Xalqa xidmət etmək budur?

4-5 il əvvəl dünyagörmüş, böyük həyat və iş təcrübəsi olan bir fotoqrafla söhbət edirdik. Qayıtdı ki, Sevinc, bilirsən bu gün qızlarımızın çoxu niyə müğənni olmaq istəyir? Çünki efirdə onların cah-cəlallı həyatını, bahalı geyimlərini, maşınlarını, bər-bəzəklərini görüb bu varlığa can atırlar. Deyirlər, niyə mənim də belə həyatım olmamalıdır? Özü də bu həyat üçün oxumaq, əziyyət çəkmək lazım deyil. Yəni cəlbedici olanı, asan və yaxşı həyatı seçirlər.

Son günlər mediada efir adamlarının (onları necə adlandıracağımı bilmirəm) açıqlamalarını, sosial şəbəkə paylaşımlarını, xalqı dolandırmalarını, şpaqat açma cəhdlərini görəndən sonra düşündüm ki, insanlarımız artıq o cah-cəlallı həyatı görmədən belə şou adamı olmaq istəyərlər. Niyə? Çünki görürlər ki, güc onlarda, əminlik onlarda, arxayınlıq onlarda... İctimai məsuliyyət yox, qanundan qorxu yox, cəmiyyət qınağından çəkinmək yox, xalqın sevgisini itirmək qorxusu yox... Onlar nə istədi edirlər, nə istədi danışırlar, kimi istədi təhqir edirlər. Qarşımızda özlərini cəmiyyətin yüksək zümrəsi hesab edən bir dəstə çal-çağır adamı var. Adam az qala fikirləşə ki, bu cəmiyyətin müəllimə, həkimə, yazara, pozara ehtiyacı yoxdur, onlar varsa, bəsdir. Ailə institutundan tutmuş bütün dəyərlər institutunun müəllimi, professoru, kəsəsi, başbilənlərimiz onlardır. Verilişlərə çıxıb xalqı qabaqlarına qoyub danlayırlar, efirdə elçilik edirlər, evləndirirlər, boşandırırlar, xeyir-dua verirlər, bəddua edirlər, ağlayıb pul yığırlar, ittiham edirlər, təhdid edirlər... Soruşsanız, niyə belə edirsiniz? Deyərlər ki, tələbat budur. 

Təsəvvür edin, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qaziyeva "Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi" mövzusunda keçirilən tədbirdə müğənnilərin dialekt sözlərdən istifadə etmələrini tənqid edib. Bəzi ifalarında "qadoy alım" sözünü işlətməsi ilə adı siyahıda hallanan əməkdar artist Elnarə Abdullayeva düşünmək belə istəmədən tez cavab verib ki, mən necə istəsəm elə danışaram. Birincisi, burda danışmaqdan yox, oxumaqdan söhbət gedir. İkincisi, bu dilin normaları, kütləvi informasiya vasitələrinin öz qayda-qanunu, etik qaydalar var. Deyir, istəyrisinizsə, qulaq asın, istəmirsinizsə, qulaq asmayın. Necə yəni qulaq asmayaq? Siz mənim evimin içindəsiniz, təəssüflər olsun ki, telekanallar ancaq sizi gətirir evimizin içinə. İkincisi və əsası, bu dövlətinin dilini qoruyan ziyalı bir xanım öz işi çərçivəsində sizi tənqid edib. Siz onu dinləməyə, sayğıyla cavab verməyə, onun tənqidini nəzərə almağa borclusunuz. Başa düşürsünüz? Borclsunuz. Siz ona deyə bilməzsiniz ki, istəmirsinizsə, qulaq asmayın. Sizə qulaq asmaq və eşitdiyi qüsurları dilə gətirmək onun işidir.

Daha sonra... Rejissor Kənan MM blogger Əlixan Rəcəbovun onun rejissou olduğu "Gecə qonağı 2" filmini tənqid etməsindən qəzəblənib və deyib: "...Bu insana görə mənə zəng edən də cavabını alacaq. Gözləyirəm, sən mən gedən yolları gedə bilməzsən, balaca. Sənin pul verib girə bilmədiyin yerə mən salam verib girirəm". Şərhə ehtiyac var?.. Bir ölkənin siması həm də onların mədəniyyət, sənət adamlarıdır. Cəmiyyəti onlar öz əsərləri, yaradıcılığı ilə istiqamətləndirir. Təsiredici qüvvə onlardır. Təsəvvür edirsiniz, bu mənada bizi kimlər yönləndirir, kimlər idarə edir? Özlərini kriminal aləmin nümayəndəsi hesab edən adamlar... Bəs bu gedişlə sonumuzu necə, təsəvvür edirsiniz?