Ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret gətirilməsinin qarşısını aldılar FOTO


Digərləri 22 Okt 2018 18:24:00 252 0

Ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret gətirilməsinin qarşısını aldılar  FOTO

Gömrükçülər külli miqdarda siqaretin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.

Son.az xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Daewoo" markalı avtobus saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı, xidməti it avtobusun sürücü oturacağının ətrafına və mühərrik hissəsinə reaksiya verib. Bu səbəbdən avtobus təkrar yoxlanılıb.

Nəticədə, sürücü oturacağının sol tərəfində olan elektrik qoruyucuları lövhəsinin altında gömrük nəzarətindən gizlədilmiş 1600 ədəd "Manchester", avtobusun salonunda olan havalandırma sistemindəki boşluqlarda isə 4000 ədəd "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib.


Xəbərə aid fotolar