Firudin İbrahimi 27 yaşında baş prokurorluqdan dar ağacına FOTO


Digərləri 22 Okt 2018 16:22:00 306 0

Firudin İbrahimi  27 yaşında baş prokurorluqdan dar ağacına  FOTO

Gənclik Azərbaycan tarixində əvəzsiz rol oynayıb. Məşrutə hərəkatının liderləri, Azərbaycan Xalq Cümhuriyyətinin, Azadıstanın, Azərbaycan Milli Hökumətinin və Azərbaycanın dövlət müstəqilliyini bərpa edənlər - Azərbaycan Respublikasının qurucuları əsasən gənclər olub. Onun faciəsini əks etdirən ən təsirli  "Azərbaycan, mənim baxtsız anam oy..." şeirini də gənc Almas Yıldırım yazıb. 

Əvvəlki gənclik Azərbaycan yolunda fəaliyyəti, mübarizəsi ilə özündən sonrakı nəsil üçün bir nümunə yaradıb, bunun meyarını müəyyənləşdirib.  

Son.az report-a istinadən xəbər verir ki, belə gənclərdən biri mədəniyyət sahəsində uğur qazanmış Asəf Zeynallı, o biri isə Firudin İbrahimidir. 

Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub, 1932-ci il oktyabrın 27-də Bakıda xəstəlikdən vəfat edib. O, 23 il yaşayıb, qısa ömründə çox böyük işlər görürüb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur. A.Zeynallı təkcə bu romansı ilə Azərbaycanın musiqi tarixində əbədi yaşaya bilər. 

Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Azərbaycanın gəncliyinin parlaq nümyəndələrindən biri Firudin İbrahimi isə dövlət quruculuğu, siyasət, elm və mədəniyyət sahələrində uğur əldə etsə də nəsibi dar ağacı olub. Adına küçə və məktəb yoxdur. Bu il Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firudin İbrahiminin anadan olmasının 100-cü ildönümüdür. 

Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olmuş Firudun Qəni oğlu İbrahimi 1918-ci ildə noyabrın 21-də Cənubi Azərbaycanın Astara şəhərində doğulub. Atasının fəaliyyəti onun gələcək həyatına da təsirsiz ötüşməyib.

Firudin İbrahiminin atası, Qəni İbrahimi öz dövrünün müasir düşüncəli ziyalılarından olub. Gilan əyalətinin Rəşt şəhərində Mirzə Məhəmməd Axundzadənin (Sirus) başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra Astara şəhərində Ədalət Firqəsinin yerli təşkilatını formalaşdırıb. Siyasi baxışlarına görə dəfələrlə həsb edilib, təzyiqlərə məruz qalıb.  Firudin İbrahimi 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulub. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Xavəri nov" ("Təzə xəbər") qəzetinin redaktoru olub.

O, 1945-ci ildə il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi (İran), 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olub. 

O, Azərbaycan Milli Hökuməti elan edilən gün - 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökumətinin baş prokuroru təyin olunub. F.İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak edib. 

Bu tədbirdə İrana öz hökumətinin İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri haqqında mövqeyini şərh etmək imkanı verilmişdi. F.İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sifəti ilə bu konfransa gedib və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin "Lüksemburq" adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edib.

F.İbrahimi "Sülh uğrunda" kitabında bu tədbirlərlə bağlı təəssüratlarını yazıb. Bu əsərin işqı üzü görməsində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadənin müstəsna rolu var.  Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri 1946-cı il  sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının birinci ildönümü münasibəti ilə Təbrizin Dövlət Teatrı salonunda keçirilən təbirdəki nitqində F.İbrahiminin Paris Sülh konfransından göndərdiyi hesabatları yüksək qiymətləndirərək deyib: "Bizim hərəkatımız ana dili vasitəsilə dünyada nüfuz və şöhrətə malik ola bildi. Dünya bildi ki, beş milyonluq bir xalq var ki, öz dillərində yazıb və oxuyur... İndi dünyanın yazıq millətləri bizi alqışlayır və bizə nicat verən bir millət kimi baxırlar".


Xəbərə aid fotolar