Azərbaycana gələn BƏƏ rezidentlərinin sayı iki dəfə artıb


Digərləri 21 Okt 2018 16:52:00 214 0

Azərbaycana gələn BƏƏ rezidentlərinin sayı iki dəfə artıb

İyul ayında vizaların hava limanlarında rəsmiləşdirilməsi rejimi tətbiq edildikdən sonra növbəti iki ay ərzində Azərbaycana səfər edən BƏƏ rezidentlərinin sayı iki dəfə artıb və bu sayın gələcəkdə daha da artacağı gözlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov nüfuzlu ingilisdilli "Gulf News" qəzetinə müsahibəsində deyib. Məqalədə, viza qaydalarının sadələşməsindən sonra Azərbaycanın BƏƏ rezidentlərinin səyahət ediləsi məkanlar siyahısına əlavə olunduğu qeyd olunub.

C.Hüseynov müsahibədə bildirib ki, vizaların hava limanlarında rəsmiləşdirilməsi proseduru bu yay 26 iyul tarixindən etibarən başlanıb. Sözügedən rejim tətbiq edilməyə başlandıqdan sonra BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayında ikiqat artım müşahidə olunur.

O deyib: "Hazırda BƏƏ rezidentləri asanlıqla Azərbaycana səfər edə bilər və ölkəmizə olan turist vizalarını Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən hava limanlarından əldə edə bilərlər. Əksəriyyətli Dubayda olmaqla, BƏƏ-də təxminən 7 min azərbaycanlı yaşayır. Onların təqribən 10 faizi dövlət sektoru, xüsusən enerji sektorunda, digərləri turizm, təhsil, xidmət və ya media kimi müxtəlif sektorlarda çalışır, bəziləri də şəxsi bizneslə məşğuldurlar. Azərbaycandan BƏƏ-yə ərzaq məhsulları, meyvə, tərəvəz, çərəz, avtomobil hissələri və daxili yanma mühərrikləri ixrac edilir. BƏƏ-dən Azərbaycana isə elektrik cihazları, nəqliyyat vasitələri, yedək parçalar, kimyəvi məhsullar, sürtkü yağları, tikinti materialları və aksesuarları və borular idxal edir".

Baş konsul xüsusi vurgulayıb ki, bu ilin sonunda iki ölkə arasında ticarətin təşviqi məqsədilə Dubayda Azərbaycanın ticarət ofisinin rəsmi açılış mərasimi baş tutacaq. Onun sözlərinə görə, ticarət nümayəndəsi artıq təyin olunub və ofis artıq fəaliyyət göstərir və bu yeni addım Azərbaycan məhsul və mallarının BƏƏ-də təşviqinə yönəlib.

C.Hüseynov əlavə edib ki, Dubay Ticarət və Sənaye Palatasının statistikasına əsasən, 2017-ci ildə Azərbaycanla ticarət dövriyyəsi, təxminən, 221 milyon ABŞ dolları həcmində olub. O, ümidvardır ki, iki ölkə arasında mövcud olan "səmimi, yaxın və mehriban münasibətlər" səbəbindən, sözügedən rəqəm bu il daha da artacaqdır.