Jurnalist niyə Türkiyədə şaqqalanaraq öldürülüb?


Dünya 20 Okt 2018 18:42:01 244 0

Jurnalist niyə Türkiyədə şaqqalanaraq öldürülüb?

Bu gün Səudiyyə Ərəbistanı hökuməti oktyabrın 2-dən yoxa çıxan köşə yazarı Camal Haşoqqinin (Türkiyə və Azərbaycan mediasında "Hakaci", "Qaşıqçı", "Haşıqçı" kimi qələmə verilir, - red.) Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

Bəs "The Washington Post"un yazarı Camal Haşoqqi niyə öldürülüb? Niyə krallıq onun aradan götürülməsinin tərəfdarı olub? Haşoqqi, əslində, kimdir?

Yazının məqsədi əsla Camal Haşoqqini öldürənlərə haqq vermək deyil. Məqsəd, sadəcə, onun xarakteristikası barədə ətraflı məlumatlandırmaqdır. O, mediada "islahatçı", "demokratiya müdafiəçisi" kimi təqdim olunur. Amma bunlar Haşoqqinin oynadığı siyası rolun qaranlıq hissəsinin qismən doğru tərəfləridir.

Hər şeydən əvvəl, Haşoqqi krallığın sirlərini bilən biri idi. O, kral ailəsinin vəliəhd şahzadə Məhəmməd ibn Salman tərəfindən tutdurulan nüfuzlu nümayəndəsinin yaxın dostu olub.

Haşoqqi "kirayə götürülmüş" yazar deyildi. O, xüsusi baxış bucağını təmsil edən biri və islamçı idi. Onun ciddi məsələlərlə bağlı fikirlərində "Müsəlman qardaşlar" dini-siyasi təşkilatının izləri sezilirdi.

Məsələn, ötən ilin sentyabr ayındakı yazısında, o, kralın apardığı siyasətə narazılığını bildirmişdi.

"Səudiyyə Ərəbistanı siyasi islamın ana və atasıdır. Amma bu gün Səudiyyə bu ənənədən imtina edib və siyasi islama qarşı mübarizə aparır. Bu səbəbdən də "kompas"ını itirib".

ABŞ mətbuatında türkofil (türkçü, türkpərəst) kimi qələmə verilən Haşoqqi ümid edirdi ki, vəliəhd şahzadə ərəb ölkələrindəki "Müsəlman qardaşlığı" dəstəkləyən Rəcəb Tayyib Ərdoğan kimi siyasət yeridəcək. O, Ər-Riyadla Türkiyənin böyük müttəfiq olmasını istəyirdi.

Haşoqqi Suriyanın müxalif yönümlü televiziyasına müsahibəsində də, başqa yazılarında da Türkiyə siyasətini uğurlu hesab etdiyini Səudiyyə Ərəbistanı ilə müttəfiq olmağın müsbət nəticələnəcəyini bildirmişdi.

"Afrin əməliyyatı çox uğurlu və qüsursuz idi, dağıntılar olmadı.Ən əsası da odur ki, Türkiyə terrorçulardan azad etdiyi əraziləri suriyalılara verdi".

Səudiyyə Ərəbistanının Suriya məsələsi ilə bağlı etdiyi səhvlərdən danışan Haşoqqi bildirib ki, Səudiyyə türklərlə birləşməlidir.

"Səudiyyə Suriyadakı inqilabı dəstəkləməli və Türkiyə ilə müttəfiq olmalıdır".