Bu il 7 minədək şəxsin kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur (FOTO)


Digərləri 19 Okt 2018 17:43:00 267 0

Bu il 7 minədək şəxsin kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci ilin 9 ayında görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.

Bakı. Cari ilin ötən dövrünü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmək, məşğulluq, sosial təminat sistemi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə əhaliyə xidmətlərin innovativ əsaslar və vahid platforma üzərində, açıq iş şəraitini nəzərdə tutan tam şəffaf yeni modelin qurulmasına yönələn köklü islahatlara keçid mərhələsi kimi xarakterizə etmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Sahil Babayev nazirlikdə 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və sosial müdafiə sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələr və tapşırıqlar diqqətə çatdırılıb. S.Babayev bildirib ki, iclasda dövlətimizin başçısı sosial sahədə ciddi islahatlar aparıldığını qeyd edərək “Nazirliyin yeni rəhbərliyinə mənim tərəfimdən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin”, deyə vurğulayıb. Bu mühüm tapşırığın yüksək səviyyədə icrası istiqamətində nazirlik tərəfindən bütün səylər səfərbər olunub, mövcud resurslardan da istifadə olunmaqla ən müasir innovasiyaların geniş tətbiqi şəraitində konkret addımlar atılır. Nazir diqqətə çatdırıb ki, cənab Prezidentin 9 avqust 2018-ci il tarixli Fərmanına uyğun olaraq nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin, eyni zamanda, 5 sentyabr 2018-ci il tarixli Fərmanla “e-sosial” internet portalının yaradılması üçün artıq bir çox mühüm işlərin görülməsi təmin olunub. Aidiyyəti hüquqi bazanın formalaşdırılması üçün normativ hüquqi aktların layihələri və təkliflər, DOST layihəsinin fəaliyyət strukturu, konsepsiyası, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri və s. hazırlanıb. Yeni əsasda “bir pəncərə”dən nazirlik üzrə 124 növdə şəffaf və çevik xidmətlərin göstərilməsi ilə bağlı praktik iş mexanizmləri müəyyən olunub. Özünüməşğulluq proqramı üzrə işlərin normal qaydada davam etdirildiyini vurğulayan nazir bu il proqram çərçivəsində 7 minədək şəxsin kiçik ailə təsərrüfatlarının yaradılmasının nəzərdə tutulduğunu və artıq bu prosesə başlandığını qeyd edib.Nazir bildirib ki, özünüməşğulluq proqramının icrasında ilk növbədə şəffaflığın təmin olunması və proqrama daha çox sosial cəhətdən həssas qruplara aid insanların cəlb olunması diqqətdə saxlanılır. Eyni zamanda, əsas məqsəd aztəminatlı ailələrin özünüməşğulluq proqramı vasitəsilə sosial yardım proqramından asılılığını aradan qaldırmaq, onların kiçik sahibkarlığa çıxışına imkan yaratmaqdır.