AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək


Digərləri 19 Okt 2018 17:20:00 297 0

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

“Azərbaycan Hava Yolları” QSC, “Silk Way Holding” şirkəti, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşlıq haqqında saziş imzalayıb.

Bakı. “Azərbaycan Hava Yolları” QSC, “Silk Way Holding” şirkəti, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşlıq haqqında saziş imzalayıb. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan xarici turizmin inkişaf etdirilməsi kimi prioritet tapşırığı nəzərə alaraq, bu sahədə əsas qurumların əməkdaşlığı turizm sektorunun inkişafına müsbət təsir göstərəcək. Sazişi “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Silk Way Holding” şirkətinin birinci vitse-prezidenti Teymur Məmmədov və Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Senqstşmid imzalamışdır. Saziş həm ölkənin əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı, həm də regional hava limanlarının sərnişin axınının artmasına yönəlmiş birgə tədbirlərin keçirilməsini nəzərdə tutur. Aşağıbüdcəli (loukost) aviadaşımalara, eləcə də sərfəli qiymətli üçulduzlu otellərin açılmasına böyük diqqət yönəldiləcək.