Moskvalılara qutab bişirməyi öyrədəcəklər


Dünya 18 Okt 2018 22:23:00 378 0

Moskvalılara qutab bişirməyi öyrədəcəklər

Oktyabrın 17-də Moskvanın mərkəzindəki Tver meydanında "Azərbaycanın payız hədiyyələri" festivalı başlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Moskva merinin saytında məlumat verilib.

Oktyabrın 21-dək davam edəcək festivalda arzu edən hər kəs pulsuz olaraq Azərbaycan mədəniyyəti və görməli yerləri barədə ətraflı məlumat ala, yaradıcılıq kollektivlərinin çıxışlarına baxa və master-klasslarda iştirak edə bilər. Qonaqlar milli rəqslərimizi öyrənə, xalq çalğı alətlərində ifa edə, zənbillər hörə və bəzəyə, əsl xalçanı toxuya və Azərbaycan qutabı hazırlaya bilərlər. Arzu edən hər kəs bu mədəniyyət tədbirinə dəvətlidir.

Azərbaycanın 20-dək ticarət müəssisəsi öz məhsullarını festivala çıxarıb. Festivalın qonaqları Azərbaycan təbiətinin müxtəlif hədiyyələrini - xurma, üzüm, nar, həmçinin qurudulmuş meyvə, qoz-fındıq, şirələr, mürəbbə, süd məhsulları, ədviyyatlar ala biləcəklər. Onlar milli şirniyyatlardan dada və xüsusi açılmış "Çay evi"ndə əsl şərq çay məclisindən zövq alacaqlar.

Bundan əlavə, Moskva və Rusiyanın digər şəhərlərində fəaliyyət göstərən, Azərbaycan mətbəxini təklif edən ən yaxşı kafe və restoranlar qonaqlara milli mətbəximizin ənənəvi təamlarını - narşərab sousu ilə müxtəlif kabab növləri, dolma, qutab, küftə-bozbaş və s. təqdim edəcəklər.