Bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, 1118 nəfər isə minik avtomobili ilə təmin edilib (FOTO)


Digərləri 18 Okt 2018 11:22:00 209 0

Bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, 1118 nəfər isə minik avtomobili ilə təmin edilib (FOTO)

Nazirliyin xətti ilə bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu kateqoriyadan olan 1118 nəfər şəxs minik avtomobili ilə təmin edilib.

Bakı. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley tədbirində iştirak etmək üçün xarici ölkələrdən (Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna, Norveç) Azərbaycana gəlmiş nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Görüşdə təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov da iştirak edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi münasibəti ilə təşkilatın rəhbərliyini və ölkə veteranlarını təbrik edib. Nazir alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi mühüm xidmətləri diqqətə çatdırıb. O, Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsi tədbirlərinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlandığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. S.Babayev bildirib ki, nazirliyin xətti ilə bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu kateqoriyadan olan 1118 nəfər şəxs minik avtomobili ilə təmin edilib. İkinci Dünya müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir. Onların pensiya təminatı daim gücləndirilir, hazırda onların orta aylıq pensiya məbləği 400 manata yaxındır. Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş insanlara birdəfəlik maddi yardım verilir. Həmin yardımların məbləği 25 faiz artırılaraq müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb.