Qoturluq xəstəliyi və onunla mübarizə üsulları


Digərləri 17 Okt 2018 22:03:00 421 0

Qoturluq xəstəliyi və onunla mübarizə üsulları

Qoturluğa dəri xəstəlikləri arasında tez-tez rast gəlinir. Dərinin parazitar xəstəliyi olan və mikroskopik gənələr tərəfindən törədilən bu xəstəlik bütün canlılar arasında yayıla bilər. Çox vaxt qoturluq xəstəliyini neyrodermit, ekzema, kontakt dermatit və psoriaz xəstəlikləri ilə səhv salırlar.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində həkim-dermatoveneroloq Emil Əlizadə deyib.

Qoturluğa yoluxma riskləri barədə məlumat verən həkim deyib: "Yoluxma xəstə ilə birbaşa təmasda olduqda və ya yoluxmuş xəstənin paltar və yatağından istifadə etdikdə baş verir. İnfeksion xəstəlik olan qoturluq əsasən insanların çox toplandığı və bir-biri ilə təmasda olduğu məkanlarda daha sürətlə yayılır. Qoturluğa səbəb olan gənələr asanlıqla ailə üzvlərinə də keçə bilər.

Xəstəli ilk olaraq özünü qaşınma ilə büruzə verir və bu əlamətlər 1-6 həftədən sonra meydana çıxır. Qaşınma əsasən axşam saatlarında intensivləşir. İlkin mərhələdə dəridə qoturluq yolları gözə çarpmağa başlayır və 4-6 həftə ərzində bədənin bütün nahiyələrinə yayılır. Qoturluq yolu tünd qara rəngdə və 0,5-1 sm-ə qədər uzunluqda olur. Yolun səthində-gənənin girdiyi və çıxdığı yerdə iki qara nöqtə görünür. Problem ən çox əl barmaqlarının arasında, büküşlər, dirsək, bilək və sağrı nahiyələrində müşahidə edilir. Qoturluq çox vaxt piodermiya xəstəliyi ilə fəsadlaşır, çünki qaşınma zamanı dırnaq sıyrıntıları dərinin tamlığını pozur və irin törədən mikrobların orqanizmə keçməsi üçün şərait yaranır".

Həkim-dermatoveneroloqun verdiyi məlumata görə, xəstəliyin diaqnozu adətən həkim səpgilərə baxandan sonra qoyulur: "Mikroskopik olaraq dəridə gənə yumurtaları və konkrementləri tapılır. Əgər mikroskopik və biopsiyanın nəticəsi mənfidirsə, bu diaqnozu tamamən inkar etmir. Adətən yoluxmuş orqanizmdə 10 dənədən çox varsa, qızdırmaya da səbəb ola bilər. Bu da infeksiyanı üzə çıxarmağı asanlaşdırır".


Xəbərə aid fotolar