Oktyabrın 17si Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günüdür


Digərləri 17 Okt 2018 20:59:00 274 0

Oktyabrın 17si Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günüdür

Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Gününün 1987-ci ilin 17 oktyabr tarixi ilə sıx bağlıdır. Həmin gün yüz mindən çox insan Parisdə Trokadero meydanında 1948-ci ildə imzalanmış Dünya İnsan Hüquqları Bəyannaməsində zorakılıq, yoxsulluq və aclıq qurbanlarının xatirəsini yad etmək üçün toplaşıb. Onlar yoxsulluğun insan hüquqlarının pozulması olduğunu və birgə səylərlə bu hüquqların qorunmasının zəruriliyini təsdiq ediblər. Həmin gün açılan xatirə abidəsinin üzərində bəyanat həkk olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, o vaxtdan əqidə və sosial mənşəyindən asılı olmayaraq ən müxtəlif təbəqələrdən olan adamlar hər il oktyabrın 17-də öz mövqelərinin dəyişmədiyini və kasıblarla həmrəylik nümayiş etdirmək üçün toplaşırlar. Dünyanın bir çox ölkələrində açılan oxşar xatirə abidələri yoxsullarla həmrəylik gününün keçirildiyi məkanlara çevrilib. Xatirə abidəsinin biri də Birləşmiş Millətlər Təşkilatı Mərkəzinin bağında yerləşir. BMT Katibliyinin hər il Nyu-Yorkda təşkil etdiyi təntənəli mərasim məhz bu abidənin yanında keçirilir.

1992-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən oktyabrın 17-ni Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü elan etmək barədə qətnaməsi yoxsulluğa qarşı milli, regional və beynəlmiləl səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədi daşıyır. Onun qeyd edilməsi bütün ölkələrdə yoxsulluq və kasıblığın aradan qaldırılması uğrunda mübarizənin zəruriliyi barədə məlumatlılığın artırılması məqsədi daşıyır. Həmin gün yoxsulluq içində yaşayanların ağır vəziyyətinə xüsusi diqqət ayrılması və onların problemlərinin hamıya çatdırılması baxımından çox əhəmiyyətlidir.