"Milli müstəqilliyimiz – mənəvi gücümüz" adlı tədbir keçirilib FOTO


Digərləri 17 Okt 2018 14:39:00 240 0

"Milli müstəqilliyimiz – mənəvi gücümüz" adlı tədbir keçirilib  FOTO

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Milli müstəqilliyimiz - mənəvi gücümüz" adlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə millət vəkilləri, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, hər bir insanın həyatında müəyyən dəyərlər var və bu dəyərlər mühüm əhəmiyyət kəsb edir: "Tarixən Azərbaycan ərazilərində bir çox dövlətlər qurulub, müxtəlif işğalçılar torpaqlarımızı zəbt edib, lakin xalqımızın dəfələrlə müstəqilliyini qazanması Azərbaycan xalqının istiqlal əzmini göstərir. 1991-ci ildə xalqımızın iradəsi, əzmi nəticəsində müstəqilliyimiz yenidən əldə edildi. Lakin həmin dövrdə müstəqilliyimiz üzərində qara buludlar əsirdi, müstəqilliyimiz üçün ciddi təhdidlər yaranmşdı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması müstəqilliyimizi bu bəlalardan xilas etdi və müstəqilliyimiz möhkəmləndi. Bu gün beynəlxalq aləmdə mürəkkəb bir vəziyyət var, lakin cənab Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş və qətiyyətli siyasət nəticəsində Azərbaycanın müstəqilliyi qorunur və daha da inkişaf etdirilir. Müstəqilliyimiz elə bir dəyərdir ki, bir çox dəyərləri birləşdirir və möhkəmləndirir".

Daha sonra SƏS TV tərəfindən çəkilmiş Azərbaycanın müstəqilliyi və inkişafı haqqında film nümayiş olunub.

Tədbirdə çıxış edən millət vəkili Elman Nəsirov bildirib: "Azərbaycan müstəqilliyinin 27-ci ildönümünü qeyd edir. 1991-ci il çox gərgin il idi, torpaqlarımız işğal edilirdi, itkilər verirdik. Bir yandan da hakimiyyət uğrunda mübarizə baş qaldırmışdı, ölkə parçalanma ərəfəsində idi, hakimiyyətsizlik, özbaşınalıq hökm sürürdü. Belə bir vəziyyətdə Azərbaycanın müstəqilliyi məsələsi təhlükə altında idi. O zamankı hakimiyyət Azərbaycanın müstəqilliyinin elan olunmasını ləngidirdi, başqa sovet ölkələri müstəqilliklərini elan etsə də, Azərbaycanın müstəqilliyinin elan edilməsi ləngiyirdi. Nəhayət, uzun prosesdən sonra müstəqillik elan edildi".

E.Nəsirov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin addımları müstəqilliyimizi şərtləndirdi: "Heydər Əliyev ilk dəfə Azərbaycanın üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə gətirdi, Naxçıvanın adından "Sovet Sosialist Respublikası" sözlərini götürdü. Azərbaycan qarşısında məsələ qaldırdı ki, rəsmi Bakı da bu addımı atsın. Azərbaycanın həqiqi müstəqilliyi Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu. Artıq 1996-cı ildə Azərbaycanın iqtisadiyyatı tam bərpa olunmuşdu və inkişaf edirdi. Bu gün cənab Prezident İlham Əliyev həmin siyasəti çox uğurla davam etdirir, Azərbaycan dünyada böyük nüfuza malik bir ölkəyə çevrilib. Bu gün Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollardır, bütün parametrlər üzrə Azərbaycan çox güclənib, böyük nailiyyətlər əldə olunub və bütün bunlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir".