Yaxşı əməl nədir və necə yaranır?


Digərləri 16 Okt 2018 23:20:00 289 0

Yaxşı əməl nədir və necə yaranır?

Bismilləhir-Rahmənir-Rahim!

Dünyada hər bir insan - dindar olub-olmamasından, namaz qılıb-qılmamasından, oruc tutub-tutmamasından asılı olmayaraq, yaxşı olmaq istəyir. Yaxşı olmaq dedikdə, insan nəyi nəzərdə tutur - bu, bir ayrı mövzudur. Amma ümumilikdə hər bir insan yaxşı insan olmaq, yaxşı əməllər etmək istəyir.

Əxlaq mütəxəssislərinin bu mövzuda söylədiklərinə əsaslanaraq, deyə bilərik ki, bu, bir fitri məsələdir. Bu, bizim qazandığımız bir mövzu deyil. İnsanın insan olaraq, daxilində yaxşı olmaq və yaxşı əməl etmək istəyi var.

Yaxşı əməl üçün əsas şərt - düzgün niyyət

Bu, özü ciddi bir mövzudur ki, yaxşı əməli fərqləndirən xüsusiyyət hansıdır? Bu haqda da dünyada müxtəlif fikir, düşüncə məktəblərində aparılan araşdırmalar nəticəsində gəlinən qənaət bu olub ki, gərək niyyət yaxşı olsun.

Ola bilər ki, bir əməl yaxşı görsənsin, amma niyyəti düzgün olmasın. Belə əməl yaxşı hesab olunmur. Bunları da kənara qoysaq, dinimiz, inancımız hesab edir ki, əməlin əməl olaraq özü-özlüyündə dəyəri yoxdur. Bu, əməlin niyyətidir ki, həmin əməli dəyərə mindirir. Məhz niyyətdir əməlin cövhəri, əməlin keyfiyyət müəyyənedicisi.

Digər mühüm bir nöqtə budur ki, düzgün niyyəti nə formalaşdırır? İslam və inanc sistemi bu mövzuda bütün suallara tam şəkildə təfsilatı ilə cavab tapmağa kömək edir. Qurandan və hədislərdən irəli gələrək, bizi yaradan, bizə inancı, İslamı göndərən Rəbbimizin bu mövzuda çatdırışlarına diqqət etməklə, düzgün və birmənalı nəticələrə çatmaq olar.

Niyyəti formalaşdıran - etiqaddır

İnancımızın nəzərinə görə, insanın niyyətini formalaşdıran mövzu - onun etiqadıdır. Bizim etiqadımız, imanımız bizim niyyətimizi formalaşdırır. Sual çıxır ki, bəs imanı nə formalaşdırır? İman yalnızca bilmək deyil. İnsan bilir ki, Allah var, peyğəmbərlər (ə) var, İmamlar (ə) var. Bilir ki, Allah ədalətlidir, məad var - ölümdən sonra həyat davam edir və insan öz əməllərinə görə cavab verəcək. Bilir ki, gündə 5 namazı qılmaq - vacibdir, bilir ki, ildə 1 ay oruc tutmalıdır. Bilir ki, xüms-zəkatını verməlidir, onun qazandığında kasıbların, yetimlərin, ahılların payı var. Və bir çox digər mövzuları bilir.

Amma bunları bilmək hələ imanı formalaşdırmır. Bunlar - işin bir tərəfidir. İşin ikinci tərəfi də var. O da olanda iman meydana gəlir. İnsanın daxilində, onun bilgisindən, əqidəsindən irəli gələn, həmin əməlləri həyata keçirmək istəyi, yerinə yetirmək əzmi olmalıdır. Məhz bu əzm - imanı formalaşdırmaq üçün ən ciddi amildir.

İnsanın daxilində bilgisi olduğu mövzuları həyata keçirmək istəyi, onu əməl müstəvisinə gətirib çıxarmalıdır. Misal üçün, insan gəlib bu nəticəyə çatır ki, Allah təkdir və ilahlığa yalnız O, layiqdir. İnsan bundan irəli gələn əməl sistemini - yalnız Allaha tapınmağı, itaət etməni həyata keçirməlidir. Bu mövzuya insanın əzmi olmalı, ardıcıllığı olmalıdır.

İnsanın boş-boş işlərin, bihudə əyləncələrin mənasız olduğunu bilməsi hələ iman deyil. İman budur ki, insan bilsin ki, bu, pisdir və bu bilgililikdən irəli gələn bunu tərk etməyə əzmi olsun. Bunlar bir yerdə olanda, bilmə və bildiyini həyata keçirmək istəyi birlikdə olduqda, insanda iman formalaşır. Fəlsəfi dillə desək, mərifət və məhəbbət bir yerdə olanda iman meydana gəlir. Bu da o deməkdir ki, insanın tanıması, bilgisinin olması, onun şövqü, istəyi ilə birləşir və iradəvi əməli meydana gətirir.

İman nədir?

Biz sanki bir od qalamaq istəyirik. Odu qalamaq üçün, yandırmaq üçün bizim bəzi məsələlərə ehtiyacımız var. Sanki iman odunu, atəşini yandırmaq üçün lazım olan iki mühüm, qurucu amil var. Bunlardan biri - bilmək, digəri - bildiyini həyata keçirmək istəyidir. Odu qalamaq üçün də həm odun, həm də kibrit lazımdır. Bunlardan biri olmasa, əmələ gəlməyəcək.

Amma bununla məsələ bitmir. Bəzən olur ki, insan bilir, bildiyinə əməl etmək istəyir, amma alınmır. Çünki, mane olan amillər var və bu mane olan amillər, onda təsir qoyur. Sanki, yağış yağır, odun yaş olur və kibriti nə qədər yandırsan da, o, yaş odunu yandırmır.

Kənar amillər iki işi həyata keçirir. İman atəşinin yanmasına mane olan iki proses gedir. Bir tərəfdən biz bildiyimiz mövzunu həyata keçirmək istəyirik, amma ondan daha da çox başqa bir şeyi istəyirik. Misal üçün, sübh namazına durmaq istəyirik, amma yuxunu ondan da daha çox istəyirik. Namazı əvvəl vaxtda qılmaq istəyirik, amma ortaya çıxan işləri həyata keçirərkən, bunlardan aldığımız ləzzəti daha çox istəyirik.

Deməli, iman gətirdiyimiz mövzuları həyata keçirmək üçün, onları tək istəməyimiz bəs etmir. Əgər bundan daha çox başqa bir şeyi istəsək, bunu tərk edəcəyik.

İkinci tərəfdən bilirik ki, bu əməli etmək lazımdır, onu həyata keçirmək də istəyirik, amma bunu etmək bizə əziyyətli gəlir. Tənbəllik göstəririk və düşünürük ki, onu etmək əziyyətlidir. Əziyyətli olduğu üçün onu etməyi tərk edirik. Bilirik ki, sübh namazını vaxtında qılmaq əladır, bunu həyata keçirməyə istəyimiz də var, amma iki amil bizim qabağımızı alır: başqa şeyi ondan daha çox istəmək və o əməli əziyyətli görmək.

İmanın diri olmasına mane olan amillər

Bir adam namaza təzə başlayanda çox şeyi bilməyə başlayır və bildiyi hər şeyi də həyata keçirmək istəyi var onda. Bu durum nə qədər davam edirsə, onun mənəvi təkamülü davam edir. Ona qüslü, dəstəmazı, namazın digər mövzularını öyrədirlər və o da böyük həvəslə onları həyata keçirmək istəyir. Nəticədə bir insanda çox qısa müddətdə çox böyük dəyişikliklər meydana gəlir. Amma o zaman ki, insan bildiyinə uyğun şəkildə yaşamaq istəmirsə, həmin andan mənəvi təkamülü dayanır.

Bütün bu deyilənləri nəzərə alaraq, bizlər özümüzə mənəvi xətaları olan bir kəs kimi baxmalı və islah olmağa can atmalıyıq. Bunun sadə formulu ondan ibarətdir ki, 2 mövzuya diqqət etməliyik. Biz gərək xəstəliyimiz haqqında məlumatlı olaq. Nə qədər çox bilsək, nə qədər bu barədə bilgilənsək - bu, məsələnin ilk müsbət tərəfi olacaq.

İkincisi budur ki, biz bilgiləri aldıqdan sonra etiqadımızın üzərində bunlara əməl etməyə qərar verməliyik. Əgər belə olmasa, imanımız diri olmayacaq. Müsəlman toplumlarının geridə qalmasının əsas amillərindən biri - məhz imanının diri olmamasıdır. Müsəlman toplumlarının bilgiləri var, bilgilərdən irəli gələn istəkləri də müəyyən qədər var, amma digər iki amil çatışmır. Biz bu, zahirən sadə görünən əxlaqi bəhslə hətta ümmətin düşdüyü böhranlı vəziyyətin səbəbini də anlaya bilərik.