Dünyadakı bütün xəstəliklərin 60 faizi bal ilə müalicə olunur


Digərləri 16 Okt 2018 18:20:00 256 0

Dünyadakı bütün xəstəliklərin 60 faizi bal ilə müalicə olunur

Bakıda keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçılarından biri də Füzuli rayonundan olan arıçı Telman Musayevdir. O, ermənilərin işğal etdikləri Füzulinin Yuxarı Rəfədikli kəndində anadan olub. Hazırda 4 saylı "Qayıdış" qəsəbəsində yaşayır. Onun sözlərinə görə, ata-babaları daim arıçılıqla məşğul olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Telman Musayev 15 ildir arıçılıqla məşğuldur: "2003-cü ildə yenidən ailəmizin ənənəsini bərpa etməyi, arıçılığı inkişaf etdirməyi bir məqsəd kimi qarşıma qoydum. Hazırda arıxanamda 40 arı ailəsi var. Bu sahəni daha da inkişaf etdirmək istəyirəm".

Bal məhsulları haqqında danışan arıçı deyib: "Balın qaymağı çox faydalı arı məhsuludur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkir, yəni "möhür" vururlar. Bal qaymağı məhz pətəyin üstündəki "möhür"dən, yəni suvaqdan hazırlanır. Müalicəvi əhəmiyyəti var. Nəfəs yollarını təmizləyir, astma və damaq xəstəliyinə qarşı, uşaqlarda vitamin çatışmazlığı zamanı istifadə olunur. 40 arı ailəsindən 9 litr bal qaymağı toplamışam. Bal qaymağı ona görə qiymətlidir ki, "möhür" işini 4 günlük bal arıları həyata keçirir. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir".