Xalçaçılığın inkişafı strateji məqsədlərə xidmət edir (FOTO)


Digərləri 16 Okt 2018 13:02:00 286 0

Xalçaçılığın inkişafı strateji məqsədlərə xidmət edir (FOTO)

Cənab İlham Əliyevin Prezidentliyi dövründə xalçaçılıqla bağlı çox mühüm tədbirlər həyata keçirilib.

Bakı. Azərbaycan xalqının tarixi taleyində mühüm rol oyanayan əlamətdar günlərdən biri də oktyabrın 15-dir. 2003-cü ilin bu günü Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev ölkəmizi sürətli inkişaf yoluna çıxarıb. Son 15 ildə Azərbaycanda əldə olunan nailiyyətlər əsası 1969-cu ildə qoyulmuş dövlətçiliyin Heydər Əliyev modelinin bəhrələridir. Ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Bu şanlı səhifələrə qızıl hərflərlə yazılan əhəmiyyətli hadisələrdən biri də Azərbaycan xalçaçılığının inkişafı istiqamətində görülən işlərdir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə xalçaçılıqla bağlı çox mühüm tədbirlər həyata keçirilib. Onun bu sahəyə verdiyi önəmin nəticəsidir ki, Prezident seçilməyinin 15-ci ildönümündə açılışını etdiyi obyektlərdən biri də məhz xalça fabrikidir. Oktyabrın 15-də dövlət başçısının iştirakı ilə “Azərxalça”nın daha bir filialı – Lənkəran xalça fabriki açılıb. Bu hadisə bütün xalçaçıların hədsiz sevincinə səbəb olub. Çünki onlar bilir ki, Prezidentlə hər görüş bu sahənin daha da inkişafına yeni perspektivlər açır. “Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk”, - deyən cənab İlham Əliyev 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətini yaradaraq xalçaçılıq sənətinin yaşadılmasını, inkişafını və onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edib. Dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə qəbul olunan "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" bu sahədə görülən işləri daha da sürətləndirib. Prezident xalçaçılığın inkişafına ciddi diqqət yetirməklə strateji məqsədləri reallaşdırır. Əvvəla, milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür. Digər tərəfdən dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil olan xalça satışından ölkəmizə xeyli valyuta gələcək. Daşına bilər bu məişət əşyasını dünyanın istənilən yerinə aparmaq mümkündür. Deməli, milli naxışlarımızla bəzədilən xalçamızı alan xarici ölkə vətəndaşlarının evlərində bir Azərbaycan möhürü olur. Bu da Azərbaycanın, milli tariximizin, dəyərlərimizin təbliği baxımından olduqca əhəmiyyətlidir. Professor Vidadi Muradovun təbirincə desək, tarixən Azərbaycan xalçası toxunan hər yer Azərbaycan olub. Azərbaycan xalçası tarixi Azərbaycanın xəritəsidir. Mövzuya bu konteksdən yanaşanda xalçaçılıqla bağlı qəbul olunan qərarların nə qədər müdrik qərarlar olduğunu görürük. Məsələn, “Azərbaycan brendi” adı ilə İrəvan qrupu Azərbaycan xalçası alan bir ABŞ vətəndaşı İrəvanın Vətənimizin bir parçası olduğunu biləcək, tarixi torpaqlarımız haqqında məlumat əldə edəcək. Göründüyü kimi, xalçaçılığın inkişafı təkcə iqtisadi əhəmiyyət daşımır. Bütün bu strateji məqsədləri reallaşdırmaq üçün kütləvi xalça istehsalının təmin olunması lazım idi. Ona görə də 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında “Azərxalça”nın filialları yaradılaraq fəaliyyətə başlayıb. Bu xalça istehsalı emalatxanalarında 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Emalatxanaların hər birində 43 dəzgah quraşdırılıb ki, həmin avadanlıqlar da Azərbaycan istehsalıdır. Ölkə rəhbəri toxucular üçün müasir, işıqlı emalatxana binaları yaratmaqla yanaşı, həm də onların rahatlığının təmin olunması qayğısına da qalıb. Filial əməkdaşlarının işə rahat gediş-gəlişinin təmin edilməsi üçün dövlət başçısının müvafiq Sərəncamı ilə 2 milyon manat vəsait ayrılıb, “Hyundai” markalı 18 avtobus alınıb. 900 nəfərə yaxın toxucunun çalışdığı filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Bu müddət ərazində yerli və xarici bazarlarda “Azərbaycan brendi” adı ilə 287 ədəd, 853 kvadratmetr xalça satılıb. Bu istiqamətdə görülən işlər 2018-ci ildə də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərxalça”nın daha 10 filialının tikintisi üçün vəsait ayrılıb. Artıq Lənkərandakı filial istifadəyə verilib. Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaradılan filiallar ilin sonunadək fəaliyyətə başlayacaq. Bu il avqustun 25-də İsmayıllı filialının açılış mərasimində rayonun kadr potensialını və toxucuların xahişini nəzərə alaraq burada yeni emalatxana binasının tikilməsi haqqında ölkə rəhbərimizin verdiyi qərar onun Azərbaycan xalçaçılarının arzu və istəklərinə həssas yanaşdığının daha bir sübutudur. Dövlət başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllıda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon 400 min manat vəsait ayrılıb. Artıq binanın inşası üçün hazırlıq işlərinə başlanılıb. Ümumilikdə Cəmiyyətin respublika üzrə yaradılacaq xalçaçılıq şəbəkəsi 31 filialdan ibarət olacaq. 2019-cu ildə Bakı şəhərinin Qaradağ rayonunda, Gəncə, Mingəçevir, Şəki şəhərlərində, Xızı, Masallı, Zaqatala, Bərdə rayonlarında, Ağcəbədi rayonunda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində, Goranboy rayonunda Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində xalça istehsalı emalatxanaları yaradılacaq. Xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu məsələ də Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Dövlət başçısı hələ 2017-ci ilin aprel ayında Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışında yun tədarükü probleminə və yun iplik istehsalının əhəmiyyətinə toxunaraq demişdi: “Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək”. Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının, bundan başqa özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar tikilir.