Akademik: Müasir inkişafın Azərbaycan modelinin müəllifi Prezident İlham Əliyevdir


Digərləri 15 Okt 2018 19:06:57 273 0

Akademik: Müasir inkişafın Azərbaycan modelinin müəllifi Prezident  İlham Əliyevdir

Müasir inkişafın Azərbaycan modeli ilə bu gün bütün dünya maraqlanır.

Bakı. İlhamə İsabalayeva - Müasir inkişafın Azərbaycan modeli ilə bu gün bütün dünya maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Modelin ən mühüm tərkib hissəsi milli tariximizin saxtalaşdırmalar və təhriflərdən təmizlənməsidir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. İnstitutun elmi-tədqiqat fəaliyyətinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd edən Y.Mahmudov əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 400-dən çox tədqiqat əsəri işıq üzü görüb: "İlham Əliyev Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab edib. Mən prezidentin bu addımını Nikolay Kopernikin kəşfinə bənzədirəm. Tarix İnstitutu erməni-daşnak quldurlarının Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində törətdikləri soyqırımları ilə bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirib". Y.Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq, İlham Əliyevin prezidentliyi dövründə institut ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Prezidentin birbaşa qayğısı sayəsində ensiklopediya 2014-cü ildə yenidən nəşr olunub. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir: "İnstitutda ilk dəfə olaraq 2 cildlik “Heydər Əliyev” fundamental monoqrafiyası, 2 cildlik “Heydər Əliyev: Azərbaycan elminin keşiyində” sənədlər toplusu və 5 kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” əsəri nəşr olunub".