Uğurlu ailə karyeraya maneə deyil, dopinqdir Uğur hekayəsi FOTO


Digərləri 12 Okt 2018 23:40:00 484 0

Uğurlu ailə karyeraya maneə deyil, dopinqdir  Uğur hekayəsi  FOTO

Ülviyyə Hüseynova: "İnadkar olmaq, istədiyini bilmək və onun ardınca getmək çox önəmlidir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Pozitiv və səmimidir. Elə karyerasında da bu keyfiyyətlərinin əhəmiyyətli olduğuna inanır. Deyir ki, nə qədər bacarıqlı və savadlı olsan da, münasibətlərində səmimiyyət və inam yarada bilmirsənsə, karyera yolunda mütləq büdrəyəcəksən. Ona görə, uğur qazanmaq istəyirsənsə, dözümlü, inadkar, qətiyyətli olmalı və özünə inanmalısan.

Müsahibimiz Amerikanın Troy şəhər İcra hakimiyyətində çalışan ilk azərbaycanlı, ADA universitetinin qeyri-dərəcə proqramlarının meneceri Ülviyyə Hüseynovadır.   "Ən yaxşı spiker seçildim"   Ülviyyə, 1987-ci ilə anadan olub. 181 saylı orta məktəbdə təhsil alıb. 9-cu sinifdən məktəbdə keçirilən Karl Popper debat proqramına qoşulub və debatlarda iştirak edib. Elə karyerasının ilk bünövrəsini də məhz məktəb illərində inşa edib: "Debat insana tənqidi düşüncə tərzini, analiz bacarıqlarını öyrədirdi. Bu proqramlarda iştirak edərək, düşüncə tərzimi, məqsədlərimi dəyişdim. Bütün məktəblərlə yarışırdıq. Bizim komanda finala çıxdı. Hətta həmin vaxt danışıq qabiliyyətimə, fikrimi izah etməyimə görə ən yaxşı spiker seçilmişdim. Bu, mənim ən böyük və ilk motivasiya idi".

Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakültəsinə qəbul olur. Bu proqramda xarici müəllimlərlə ünsiyyətdə olur, təhsil alır. Daha sonra mübadilə proqramı ilə ABŞ-a Troy Universitetinə yollanır və universitetin ilk azərbaycanlı tələbəsi olur. Bakalavr təhsilini bitirdikdən sonra isə Londonda Metropolitan Universitetində magistr təhsili alır.

- CV-nizə nəzər yetirəndə görürük ki, ictimai işlərə maraq göstərən, aktivliyi ilə seçilən xanım olmusunuz...

- Düzdür, sakit uşaq deyildim. Təhsil, ictimai işlərə həmişə maraq göstərir, reaksiya verirdim. İstər Azərbaycanda, istər Amerikada, istərsə də Londonda əlaçı tələbə olmuşam. Bizim məktəbə debat proqramları gələndə tez müraciət etdim. Oxuyan şagird olduğum üçün məni qəbul etdilər. Lakin universitetə hazırlaşmaq dövrü olduğu üçün valideynlərim proqrama müraciət etməyimə razı deyildilər. Etiraz etdim, inadkarlıq göstərdim və iştirak etdim. İctimai işlərdə fəallığım mənə uğur gətirdi və dərs prosesimə də mane olmadı. Karyera qurmaq istəyən hər bir insan artıq məktəb illərindən çalışmalı, bünövrəsini o vaxtdan qoymalıdır.

- Ülviyyə xanım, Troy İcra Hakimiyyətində işləyən ilk azərbaycanlısınız. Bu, necə baş verdi?

- Amerikada təhsil alarkən müəllimlərlə, professorlarla münasibətim çox yaxşı idi. Bütün qiymətlərim da "5". Hətta öz dərslərimdə, Troy məktəblərində Azərbaycanla bağlı təqdimatlar edirdim. Bununla kifayətlənmir, həm də Amerikada işləmək istəyirdim. Düşünürdüm ki, təhsillə yanaşı işləmək, insanı daha çox təkmilləşdirir. Bir gün universitetdə məni çağırdılar və İcra hakimiyyətində iş təklif etdilər. Çox sevindim. 19 yaşım var idi və bu, mənim üçün çox prestijli idi. İcra başçısı ilə görüşdüm və işə başladım. Orada münasibətlərimiz o qədər doğma idi ki, məni axşam işdən kampusa maşınla göndərirdilər. Bütün şəhərdə baş verən dövlət tədbirlərini icra hakimiyyəti keçirirdi və mən də iştirak edirdim. Hətta Troy şəhərində qəzetlərdən birində mənim haqqımda məqalə də yazdılar. Məqalənin adı "Bakıdan Troya gələn yol" idi.

- Troyda istər universitetdə, istərsə də iş mühitində tək azərbaycanlı olmusunuz. Yad ölkədə tək olmaq sizi narahat edirdimi?

- Uşaqlıqdan özgüvənim çox güclü olub. Atdığım hər addımda özümə inanmışam. Amma bu güvən boş-boşuna olmayıb. Uşaqlıqdan indiyə kimi dayanmadan oxuyuram. Mən bilirdim ki, bunun da öhdəsindən gələcəm. Məqsədimə gedən yolda darıxmaq, narahatçılıq hissi qətiyyən yox idi. İnsan bir şeyi istəyirsə, o mütləq alınır. Amma bu istəyin arxasında bir səbəb olmalıdır. "Mən istədim deyə alınmalıdır"- fikri ilə razı deyiləm. Mən istədimsə, bunun üçün çalışmalıyam. Gecə-gündüz oxuyurdum. İndiyə kimi də oxuyub, öyrənirəm. O zaman da özümə güvənim boş deyildi. Çünki müəllimlərimdən, professorlardan pozitiv rəylər alırdım. Xarici ölkədə tək olmağın bir məsuliyyəti də var. Həmin ölkənin vətəndaşları Azərbaycanı sənin simanda tanıyırlar. Bu, çox qəribə hiss idi. Ölkəmi yaxşı təmsil etməli və pozitiv fikir yaratmalı idim.


Xəbərə aid fotolar