"Səma xəstəliyi"nə tutulan adam Hobbi FOTO


Digərləri 12 Okt 2018 22:52:00 364 0

"Səma xəstəliyi"nə tutulan adam  Hobbi  FOTO

Fuad Tağıyev: "Hər şey 50 saniyənin içində baş verir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, paraşütdən tullanmaqla bağlı, insanlar iki kateqoriyaya ayrılırlar. Biri var "həyatımda bunu da etdim" demək üçün tullananlar, biri də var, dəlicəsinə bunu sevənlər. O,  bəlkə də ilk dəfə, birinci kateqoriyaya daxil olmaq üçün bunu edib, amma indi ikincilərdəndir, bu işi dəlicəsinə sevir. Müsahibimiz Fuad Tağıyevin peşəsi data analitika, hobbisi paraşütdən tullanmaqdır.

- Bu yaxınlarda bir xanım dostumuz məndən paraşütlə tullanıb-tullanmadığımı soruşdu, "yox" cavabı verdim, "sən heç yaşamayıbsan ki" dedi. Sizin yazınızda "bu idman növünə necə xəstələnmişiksə" deyə bir cümlə var idi. Necə bir idman növüdür, bu?

- Leonardo da Vinçinin belə bir sözü var: "Bir dəfə uçubsansa, sən həmişə uçacaqsan". Paraşütlə tullanış etdiyimiz yer "drop zona" adlanır, biz ora daxil olanda sağlamlıq cəhətdən yoxlayırlar. Və bu zaman həmişə sual verirlər ki, xəstələnibsən? Deyirsən ki, yox xəstələnməmişəm. Deyir ki, yox xəstələnibsən. Deyirsən ki, nə xəstəlik? Deyir ki, sən artıq səma xəstəliyinə tutulubsan. Bir dəfə tullandınsa, bunu mütləq təkrarlamaq istəyəcəksən.

Ümumiyyətlə, paraşütdən tullanmaqla bağlı, insanlar iki kateqoriyaya ayrılırlar. Biri var "həyatımda bunu da etdim" demək üçün tullananlar, biri də var dəlicəsinə bunu sevənlər. Birinci dəfə tandem tullanışı olur, tandem tullanışından sonra artıq bunu tək etmək istəyirsən. Tək tullanmaq istəyirsən ki, onun ləzzətini daha çox alasan. Tandem tullanışı tək olmur, təlimatçı səni özünə bağlayır, onunla tullanırsan.

- Bəs, bu idman növü ilə neçə ildir tanışsınız?

- Mən ekstremallığa həmişə meyilli olmuşam. Daha dəqiq desək, ağlıma nəsə gəlirsə və bununla məşğul olmaq istəyirəmsə, çalışıram sonraya saxlamayım. 3-4 il öncə Balakəndə paraşütlə tullanış yeri var idi. Qrup halında getmişdik, çox xoşuma gəlmişdi. Bu, hardasa 27-28 yaşıma təsadüf edib. Amma sonra Balakəndəki həmin yer fəaliyyətini dayandırdı, bunun üçün Rusiyaya gedirik.   - Sonra "28-ə qədər yaşamamışam" dediniz heç?

- Yox, deməmişəm, çünki onda da yaşamışam (gülür). Amma bunun yeri başqadır. Dediyim kimi, biz həmişə 3 dost birgə gedirik. Mənim məzuniyyətim tez bitir deyə, tullanışdan sonra qayıdıram, onlar Avropa turuna çıxırlar. Deyirlər ki, paraşütlə tullanandan sonra Avropa turu maraqsız gəlir. Adamlar deyirlər ki, uzanmışıq - dəniz, içki, əyləncə, istirahət üçün nə istəyirsən var, amma oturub paraşütdən tullanma videolarına baxırdıq. O istirahətin yerini heç nə vermir, tamamilə fərqli bir şeydir.

- 50-55 saniyə uçmaq şansı olur. Bu zaman kəsiyindən danışaq...

- Çox sürətlə yerə gəlirsən, çəkindən asılı olaraq sürəti saatda 180-220 km arası yığırsan. 200-lə gedən maşından başını çölə çıxartdığını təsəvvür et, o effekt nədirsə, göydə də onu yaşayırsan. 1 saniyəyə 50 metr düşürsən. Ümumiyyətlə, tullanış 4 kilometr yüksəklikdən edilir, təlim vaxtı 1600 metr hündürlüyə çatdıqda paraşütü açmalısan. Daha sonra bu hündürlük 1200 metr olur. Birinci tullanışda sürətin, zamanın nə olduğunu hiss etmirsən. Hər şey 50 saniyənin içində baş verir. Amma sonradan hər saniyənin zövqünü çıxarmağa başlayırsan. Biz adi işıqforda dayanırıq, 50 saniyə gedir və bu vaxtın necə keçdiyinin fərqinə varmırıq. Amma paraşütlə tullandığın 50 saniyə ömür boyu danışacağın bir ana çevrilir. Sən onda zamanın nə olduğunu, 50 saniyənin dəyərini anlayırsan. Hər növbəti tullanışda o saniyələr səndə başqa cür təəssürat yaradır. Beyin daha aktiv işləməyə başlayır. 50-55 saniyəlik zaman içində yerə düşəndən sonra  danışmağa o qədər mövzu olur ki.   - Sizdə tullanış sayı nə qədərdir?

- Hələ ki, 14 olub. Bu, təbii ki, azdır, 15-19 min tullanışı olanlar var. Qızlar gəlirlər, 700-800 tullanışları olur.   -  Tullanış ödənişli olur, məbləğ də az olmaz. Demək ki, o maliyyəni xərcləməyə dəyir...

- Məncə, dəyir. 9 ay işləyib yığdıqları pulu buna xərcləyənlər var. Biz Moskvada fransız müəllimlərlə tanış olduq, dedilər ki, 9 ay işləyib pul yığırıq, gəlib 3 ay ərzində o pulu tullanışa xərcləyirik. Biz birinci dəfə gedəndə azərbaycanlılara xas olaraq daha yaxşı otel tutmaq, lüks yerdə qalmaq istəyirdik. Getdik gördük ki, camaat tullanış etmək üçün çadırda qalır, ucuz yeməklər yeyir. Fikirləşirsən ki, bahalı otelə verdiyim pula iki dəfə tullanış edə bilərəm. Professional tullanış edəndə, qiymət daha münasib olur. Özünün paraşütün olur, təlim məqsədi ilə imtahan vermirsən, iki təlimatçını da özünlə aparmırsan.

- Son vəsaitinizi xərclədiyiniz olur?

- Elə son vəsaitimizi xərcləyib qayıdırıq.


Xəbərə aid fotolar