Tailandın inciləri Samui və Banqkok adaları FOTO


Digərləri 12 Okt 2018 22:07:00 281 0

Tailandın inciləri  Samui və Banqkok adaları  FOTO

Tailandın turizm istiqaməti kimi populyarlığının əsas amillərindən biri onun qeyri-adi təbiətidir. Burada dağlar da var, həmişəyaşıl meşələr də var və əlbəttə, dəniz də var. Turistlərin daha çox getdikləri yerlər arasında Siam körfəzində yerləşən 42 adadan ibarət Anqtxonq dəniz parkı xüsusi yer tutur. Bu, həm çimərlik istirahəti, həm də kayakinq üçün əla yerdir. Lakin siz Samui adasından uzaqlaşmağa ərinirsinizsə, onda fillərin saxlandığı fermaya gedib, orada yerli faunanın ən nəhəng nümayəndələrini görə bilərsiniz.

Gəlin, bütün bunlar barədə bir-bir danışaq!

Fili necə çimdirməli

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fillərin Tailandda xüsusi yeri var. İndiyə qədər onlardan müxtəlif tikinti işlərində, meşə sənayesində ağır yüklərin daşınmasında, habelə turizm sahəsində getdikcə daha çox istifadə edilir. Bununla belə, fillərin hüquqları Konstitusiya ilə qorunur: onlar 14 yaşından 60 yaşınadək işləyə bilər, bundan sonra pensiyaya çıxır, sahiblərinə isə qocalmış heyvanı saxlamaq üçün pul ödənilir. Martın 13-ü isə krallıqda Fil günü kimi qeyd edilir.

Samui adasında fillər xüsusi fermalarda saxlanılır. Bizə onlardan biri olan "Elephant Care Samui"yə getmək nəsib oldu. Ekskursiya zamanı turistlər burada fillər barədə daha çox məlumat öyrənə bilər, onları yedizdirə bilər, onlarla vanna qəbul edə bilər.

Fil fermasına gedərkən elə geyim seçin ki, onun çirklənməsinə və yaş olmasına heyfsilənməyəsiniz. Bundan başqa, buraya gələnlərə geyinmək üçün futbolka bağışlayırlar. Hər şey təlimatçının fillərin qidalanması barədə söhbətindən və fillərin xoşladığı ərzaqları nümayiş etdirməsindən başlanır. Həmin ərzaqlar sırasında nişastalı düyü, banan, balqabaq və s. var. Sonra iştirakçılara düyünü lazımi qatılığa qədər bişirmək, ona banan qatmaq, habelə balqabaq qaynatmaq təklif edilir. Yemək hazır olandan sonra filbanlar filləri gətirir. Qeyd etmək lazımdır ki, Tailandda Hindistan və ya Asiya filləri olur, onlar Afrika fillərindən iki dəfə balacadır və tez əhliləşir. Bizim yanımıza gətirilən fillər banan və balqabağı yaxşıca yedilər və hamı növbə ilə onlarla fotoşəkil çəkdirdi. Fillər aparıldı, su prosedurunda iştirak etmək istəyən ekskursantlara çimərlik geyimində olmaq məsləhət görüldü. Arzu edənlər fermanın ərazisindəki iki kiçik gölə baş vurdular. Sonra oraya filləri gətirdilər və onlar dərhal suya uzandılar. Onları bitkidən hazırlanmış hamam lifi ilə sürtmək olardı. Aşkar görünürdü ki, bu diqqət, elə bütövlükdə su proseduru fillərin ürəyincədir. Heyvan təlimçisinin göstərişi ilə fillər hamısı eyni vaxtda digər böyrü üstə döndülər. Su prosedurundan sonra fillər sahilə çıxdı və xortumlarının köməyi ilə bədənlərinə qum səpməyə başladılar; onlar öz dərilərini parazitlərdən bu cür qoruyurlar.

Elə fermadaca filbanların bambukdan tikilmiş və damı palma yarpaqları ilə örtülmüş komaları yerləşir. Onlar həmin komalarda öz sadə təsərrüfatlarını qurublar. Qadınlar əsasən kokos palma yarpaqlarından zənbil və şlyapa toxuyur və turistlərə satırlar.

Bütün ekskursiya təxminən saatyarım çəkir və insanda müsbət emosiyalar oyadır.

Laquna, kayakinq və dəniz qaraçıları

"Avatar" fantastik filmindən Pandora planetində havada süzən, meşə ilə örtülmüş qayalıqlardan ibarət mənzərəni xatırlayırsınızmı? Tailandın Anqtxonq Milli Dəniz Parkında qarşımızda təxminən bu cür mənzərə canlandı.

Cənubi Çin dənizinin Siam körfəzində 42 adadan ibarət bu arxipelaq Samuidən təqribən 30 kilometr məsafədə yerləşir və oraya sürət qayığında təxminən bir saata çatmaq olar. Bir ekskursiya müddətində dörd adaya baş çəkmək olar, onların əksəriyyəti insanlar tərəfindən məskunlaşmayıb, bəzilərində isə nəzarətçi yaşayır.

Qədəm qoyduğumuz birinci adanın adı Maye Kodur. Bu, dənizlə əhatə olunmuş əsl vəhşi təbiətdir. Ada əhəng daşındandır və dəniz suları ilə o qədər yuyulub ki, sanki havada süzür. Adanın bütün səthi meşələr və qayalıqlarda bitən sukkulent kolları ilə örtülüb.

Adanın ən hündür yerində müşahidə meydançası qurulub. Oraya polad pilləkənlə qalxmaq olar. Yuxarıdan ətrafa və füsunkar laqunaya valehedici mənzərə açılır. Məlumat lövhəsində bildirilir ki, adada dəniz qartalı, hind kərgədan quşu, ağ belli qaratoyuq və digər quş növləri var. Lakin onları görmək üçün adada qrup ekskursiyasına ayrılmış vaxta yarım saat əlavə etmək lazımdır. Hər şeyi çatdırmaq üçün gəmiyə qayıtmaq və növbəti təyinat məntəqəsi Maye Koya getmək lazımdır.