İnfeksiyaya yoluxan uşaqların məktəbə gəlməməsi üçün direktorlara


Digərləri 12 Okt 2018 11:43:00 246 0

İnfeksiyaya yoluxan uşaqların məktəbə gəlməməsi üçün direktorlara

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) yerli şöbələri tərəfindən ölkədəki bütün orta məktəblərə qripə və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlər çərçivəsində filtr işinin təşkil edilməsi üçün müraciət edilib.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmrində qeyd edilən tədbirlərdən biri qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılmasıdır.

Bu əmrlə bağlı artıq RGEM-in yerli şöbələri nəzarətlərində olan bütün məktəblərin direktorlarını, tibb bacılarını, yaxud tibb bacılarının çalışdığı poliklinikaların baş həkimlərini məlumatlandırıb və onlara qripə qarşı işlərin görülməsi tapşırılıb:

"Artıq orta məktəblərdə bu istiqamətdə işlərə başlanılıb. Bu işlərdən biri məktəblərdə filter işinin təşkil olunmasıdır. Filtr işinin mahiyyəti odur ki, xəstə uşaq məktəbdən uzaqlaşdırılmalıdır. Bu iş məktəbdəki tibb işçisinin köməyi ilə təşkil edilir. Qış mövsümündə kəskin respirator infeksiyalara yoluxma ilə bağlı vəziyyət kəskinləşdikdə bu işə sinif rəhbərlərini də cəlb edirik".