Zamirə Hacıyevanın milyonlarına həbs qoyuldu


Dünya 12 Okt 2018 10:37:57 267 0

Zamirə Hacıyevanın milyonlarına həbs qoyuldu

Dünyanın bir çox media qurumları azərbaycanlı bankirin xanımı Zamirə Hacıyevanın Londondakı sərvətindən yazır.

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva sərvətinin mənbəyini göstərə bilməsə, onun 15 milyon dollarlıq mülkü Britaniyada müsadirə edilə bilər.

Cahangir Hacıyevin ailəsi Zamirə Hacıyeva haqqında səslənən ittihamları qəbul etmir. Keçmiş bankirin bacısı Əminə Hacıyeva deyir ki, qardaşı arvadıyla da əlaqə saxlayıb. Zamirə Hacıyeva bütün baş verənləri "ürəkbulandıran iş" adlandırıb.

Zamirə Hacıyeva məhkəmədə də özünün günahsız olduğunu bildirib. Deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu bizneslərə sahib olub və var-dövlət qazanıblar.

"Transparency International" Beynəlxalq şəffaflıq təşkilatından Ben Koudok deyir ki, sadəcə, uğurlu biznesləri oduğunu söyləməklə sərvətin mənşəyini əsaslandırmaq olmaz. Bunun üçün cavabdehlər sərvətlərinin qanuni yollarla əldə edildiyini sübut etməli, bank hesabları, köçürmələrlə bağlı dəlillər təqdim etməlidirlər. Ben Koudok deyir ki, Zəminə Hacıyeva ilə bağlı araşdırma "İzahedilməmiş Sərvət Sərəncamı" adlı qanundan sonra aparılıb. O düşünür ki, bu qanunla başqa hakim elitaların, eləcə də Azərbaycanın birinci ailəsinin Londondakı mülkləri araşdırıla bilər:

"İzahedilməmiş Sərvət Sərəncamı" (Unexplained wealth orders, UWO) vasitəsilə - Böyük Britaniya ərazisində müəyyənləşdirdiyimiz 5.8 milyard dollarlıq şübhəli sərvətin izinə düşüləcəyini gözləyirik". 

35 ədəd kredit kart

İngiltərədə media, ictimaiyyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.

Son on ildə Zamirə Hacıyeva mediada görünməyib və onun heç bir fotosuna rast gəlinmir.

Zamirə Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.

Bundan əlavə məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Böyük Britaniya tarixində ilk "İzahedilməmiş Sərvət Sərəncamı"nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıblar.

"İzahedilməmiş Sərvət Sərəncamı" (UWO) nədir?

UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbiylə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək, demək olar ki, mümkünsüzdür.

Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir.

Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

İlk işin hədəfi olan cütlük kimdir?

Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının keçmiş sədridir.


Xəbərə aid fotolar