İranQərb qarşıdurması: Dünən, bu gün və sabah


Dünya 10 Okt 2018 22:50:00 261 0

İranQərb qarşıdurması: Dünən, bu gün və sabah

Bu gün İran ətrafında cərəyan edən hadisələr yalnız dünya mətbuatının deyil, eyni zamanda, mötəbər beynəlxalq təşkilatların gündəmindəki müzakirə mövzusudur.

Bir tərəfdən ABŞ İranı terrorçuluğu dəstəkləməkdə ittiham edərək ona qarşı iqtisadi sanksiyalar tətbiq edir, digər tərəfdən ərəb dövlətləri İranın regiondakı rolunu məhdudlaşdırmağa çalışırlar.

Nə baş verir? Niyə bu qədər dövlət İranın məhvini arzulayır? Bu sualları cavablandırmaq üçün bəzi məsələlərə bir qədər əhatəli baxmaq lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müasir İran İslam Respublikası 1979-cu il fevralın 11-də baş vermiş İslam inqilabından sonra yaranıb. İnqilaba qədər İran Pəhləvi sülaləsinin rəhbərlik etdiyi monarxiya quruluşuna malik olan dünyəvi dövlət idi. Rza şah Pəhləvi qərbyönümlü siyasi kurs həyata keçirirdi. Tədricən ölkəyə İran xalqı üçün yeni və yad olan Avropa dəyərləri ixrac edildi. Qadınlar başıaçıq gəzirdilər, televiziya kanallarında Qərbin estrada ulduzlarının konsertləri nümayiş olunurdu, hətta Rza şah Hicri-şəmsi təqvimini də qadağan edərək Milad təqviminin tətbiqinə göstəriş vermişdi. Rza şah Avropa mədəniyyətini və həyat tərzini qəbul etsə də, Avropanın siyasi sistemini inkar edirdi. Hətta 1973-cü ildə ölkədə təkpartiyalı sistem yaradaraq digər partiya və hərəkatları qadağan etdi. İranın xüsusi xidmət orqanları isə narazılarla qəddarlıqla rəftar edirdi. Bəzi məlumatlara görə, həmin dövrdə İranda 5 mindən çox siyasi məhbus var idi. Avropa və ABŞ-la yaxın əlaqələrdə olan şah rejiminin iqtisadi siyasəti dövlət əmlakını özəlləşdirməkdən ibarət idi. Bunun nəticəsində 1930-cu illərdən etibarən dövlətə məxsus iri müəssisələr Qərb şirkətləri tərəfindən alınmışdı. İranın neft, qaz, maşınqayırma, dağ-mədən sənayeləri xarici şirkətlərin əlində cəmləşmişdi. 1951-ci ildə demokratik yolla İranın Baş naziri seçilmiş Məhəmməd Mossadiq ölkədə mütərəqqi iqtisadi islahatlar həyata keçirməyə başladı. Xalqın dəstəyi ilə torpaq sahələrini və neft-qaz sənayesini milliləşdirərək dövlətə qaytaran Baş nazir M.Mossadiq ilə şah arasında ziddiyyətlər meydana gəldi. İri müəssisələrin dövlətə qaytarılması ABŞ və Avropa dövlətlərinin də iqtisadi maraqlarına uyğun gəlmirdi. Şah hakimiyyəti ilə razılaşmaya əsasən ölkədən neft və qaz hasil edib dünya bazarına çıxaran şirkətlər İran dövlətinə heç bir vergi ödəmirdilər.

Baş nazirin islahatlarından hiddətlənən ABŞ bunun əleyhinə çıxsa da M.Mossadiq yolundan dönmədi. İrandakı iqtisadi dividendlərinin əldən çıxacağını görən ABŞ İranda dövlət çevrilişi etdi. ABŞ-ın xüsusi xidmət orqanları "Ayaks" kod adı ilə əməliyyat keçirərək minlərlə iranlını küçələrə çıxardı və M.Mossadiqi hakimiyyətdən kənarlaşdırdı. İranın yaxın müttəfiqi olan ABŞ ordunun möhkəmlənməsində və neft-qaz sənayesini texnologiya ilə təmin etməkdə yaxından iştirak edirdi. Bunun müqabilində isə yuxarıda qeyd etdiyimiz kimi, İranın milli sərvətlərini cüzi qiymətə alaraq və dünya bazarına baha qiymətə sataraq milyonlarla dollar gəlir əldə edirdi. İran xalqı isə səfalət içində boğulurdu.

Vəziyyətin bu istiqamətdə inkişafı ölkə dindarlarını narahat edirdi. Onlar ölkədə xaricilərin ağalığına son qoymağı, milli sərvətlərin xalqa qaytarılmasını tələb edirdilər.

Şah rejimi əleyhinə kəskin çıxış edənlərdən biri İran İslam İnqilabının banisi Seyid Ruhulla Xomeyni idi. O, şah rejiminin ləğvini və respublika tipli dini (islam) dövlətin yaradılması ideyasını irəli sürürdü. Öz fikirlərini S.R.Xomeyni "İslam dövləti" əsərində daha aydın şəkildə izah edib.