“Başından böyük qələt eləmisən, Oqtay Gülalıyev!"


Digərləri 10 Okt 2018 17:14:00 190 0

“Başından böyük qələt eləmisən, Oqtay Gülalıyev!"

Yox, əzizlərim, oxuduğunuz bu cümlə mənə aid deyil, almış olduğumuz şəxsi tərbiyə, media etikası və ictimai-siyasi mövqeyimiz bizə belə bir cümlə qurmağa imkan verməz.

İfadə Oqtay Gülalıyevin öz düşərgəsinə, öz çevrəsinə, öz simsarlarına aiddir.

Konkret desək, Elşən Həsənova!

Bəli, bu ad sizə xüsusi heç nə deməyəcək. Elşən Həsənov da elə Oqtay Gülalıyev kimi adı hər bir vətəndaşa tanış olan siyasi fəallardan deyil. Sosial şəbəkələrdən çətinliklə tapılan profilindən məlum olur ki, o, keçmiş müsavatçıdır, bir müddət məhbəsdə yatıb, hazırda Ağ Partiyada təmsil olunur, müxalifət düşərgəsinin Cəmil Həsənli, Xədicə İsmayıl sayaq ünlüləri ilə şəkillər çəkdirir və ... "Siyasi Məhbusların Monitorinq Mərkəzi" (SMMM) adlandırılan bir ictimai platformanın üzvüdür. "Amerikanın səsi" radiosunun Azərbaycan versiyasında isə Həsənov həmin qurumun sədri kimi təqdim olunur.

Oqtay Gülalıyev hər fürsətdə özünü SMMM-in koordinatoru olaraq ictimai rəyə sırımağa çalışdığından belə çıxır ki, sədrlə koordinator arasında qarşıdurma ictimai tərbiyənin bütün sərhədlərini aşıb.

Bəli, hansısa maraqlar və gözəgörünməz əllər tərəfindən bir araya gətirilmiş kiçik bir qrup iddia edir ki, Azərbaycanda siyasi məhbuslar var, onların problemlərini diqqətdə saxlamaq lazımdır və bu səbəbdən öz fəaliyyətlərini "hüquq müdafiəçiləri olaraq" əlaqələndirmək məqsədilə ictimai platforma yaradıblar. Təsisçilər söz-sözə, daha doğrusu, rəsmi bəyanata gələndə vurğulayırlar ki, SMMM hər hansı (maddi, siyasi və i.a.) xarakterli maraqlara və qarşıdurmalara xidmət etməyən, kimsədən təmənna güdməyən, sadəcə, "siyasi məhbus" siyahılarının tərtibi və onların hüquqlarının müdafiəsi ilə məşğul olan bir təşkilatdır.

Zira, hər necə təşkilatdırsa, onun bir üzvü- Ieyla Yunus Azərbaycandan kənardadır, neçə vaxtdır məhz Azərbaycandan kənarda ola-ola Bakıda insan hüquqlarının müdafiəsi ilə məşğuldur. Nədənsə, məhz bu ərəfədə digər bir üzvün- Taleh Xasməmmədovun yadına düşüb ki, təşkilatın 12 üzvündən birinin, yəni Leyla Yunusun səsvermə hüququ yoxdur: "Nizamnaməyə görə, qərarların qəbul olunması üçün iclasda üzvlərin yarıdan çoxu (yəni, 12 nəfərin yarısından çoxu) iştirak etməlidir. Qəbul edilən qərarlar iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Səsvermə hüququ 11 nəfərə aiddir, digər üzv Leyla Yunus "Skype" vasitəsilə heç bir halda səs verə bilməz".

Məsələ sayda, "Skayp" da, nizamnamədə, səsvermədə deyil, əslində. Problem ondadır ki, bir insan Azərbaycanda olmaya-olmaya hansı monitorinq apara, hansı obyektiv mövqe hasil edə bilər ki, onu da birbaşa və dolayı yolla ifadə edə bilsin? Görünür, SMMM-də məhbuslar da, monitorinqlər də, ədalət də heç kimin umurunda deyil. Bunu ən yaxşı görən və bilən də elə özləridir. Üzə çıxan budur ki, bu qurumda birləşənlərin hər birinin çox təhlükəli iç üzü var, bir-birlərinin, necə deyərlər, "dabbaqda gönünə də bələddirlər", istənilən anda agah olduqları paxırları açıb cəmiyyətin gözü önündə öz müttəfiqlərini rüsvay edə bilərlər. Əlbəttə, belə ictimai təşkilat olmur, belə bir quruma toplaşanların müdafiə etdiyi maraqlar da vətəndaş cəmiyyətinin inkişafına xidmət etmir. Sadəcə, Elşən Həsənov- Oqtay Gülalıyev qarşıdurması deyil bu. Azərbaycan Respublikasını xarici təşkilatlara tənbeh etdirmək istəyənlərin camiəsində ümumi ab-hava çox bərbaddır. Hər halda, AXCP fəalı olan məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədovun öz mərkəzlərindəki "toy generalları"ndan söz açması, Əlövsət Sadıqlının isə "tərbiyəsizlik və qisasçılıq" kimi dəyərləndirmə aparması belə düşünməyə tam əsas verir.

Budur, Elşən Həsənov ədəbi dilin və ədəbin bütün qaydalarını poza-poza Oqtay Gülalıyevi "qanacağa" dəvət edir, ona xəbərdarlıq məqsədi ilə haqqında ifşaedici mesajlar göndərir, özünü və statusunu yığışdrmasını tələb edir, əks halda "sandığı açıb, pampığı tökəcəyi" ilə hədələyir. Təsəvvür edirsiniz, üç cüt, bir tək adamdan ibarət  müxalif platformada HƏDƏ, ŞANTAJ VƏ İFŞA küləyi əsir.


Xəbərə aid fotolar