Əməliyyatlarını musiqi sədaları altında edən azərbaycanlı cərrah Uğur hekayəsi FOTO


Digərləri 07 Okt 2018 23:30:00 372 0

Əməliyyatlarını musiqi sədaları altında edən azərbaycanlı cərrah  Uğur hekayəsi  FOTO

Fidan Abdullayeva: "Tək Azərbaycanın sərhədlərində qalmaqla, mükəmməl həkim olmaq mümkün deyil" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Möcüzələrə inanır. Deyir ki, etdiyi cərrahi əməliyyatlar və qarşılaşdığı nüanslar sübut edir ki, həkimin sağalmasını mümkünsüz hesab etdiyi xəstəlik, bir gün möcüzə nəticəsində sağala bilər. Onun fikrincə, hər kəsin taleyində müəyyən yol var. O yolda sağlamlıqla bağlı bir problem olanda, həkimlər sadəcə vasitəçi olur. Gerisi insanın özündən və inamından asılıdır.

Müsahibimiz həkim-oftalmoloq, Silahlı Qüvvələr Baş Klinik Hospitalının həkimi, Azərbaycanda keratakonus xəstəliyi üzrə ən yaxşı cərrahlardan hesab olunan Fidan Abdullayevadır.

Həmsöhbətimiz Azərbaycan Tibb Universitetində müalicə-profilaktika fakültəsində təhsil alıb. Universiteti fərqlənmə ilə bitirdikdən sonra Türkiyədə İstanbul və Səlcuq universitetlərində çəpgözlük üzrə ixtisaslaşıb. Təhsilini Almaniyada Mainz Universitetində davam etdirib, keratokonus və refraktiv cərrahiyyə kursu keçib. Daha sonra 3 aylıq Hindistanın Nagpur şəhərində Mahatme Eye Hospitalda 100-dən çox əməliyyat edərək katarakta cərrahiyyəsi üzrə kurs keçib. 2011-ci ildə könüllü olaraq Pakistana gedərək 2 ay Trust hospitalda 200-ə yaxın katarakta, qlaukoma əməliyyatları edib. Hazırda Türkiyə, Avropa, Amerika oftalmoloji dərnəklərinin üzvüdür. 2004-cü ildən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında oftalmoloq kimi çalışır.

- Fidan xanım, adətən qız uşaqlarının əksəriyyəti uşaqlıqdan həkim olmaq istəyir. Sizdə də sənət sevgisi uşaqlıqdan gəlir?

- Anam həkim olmağı çox arzulayırdı. Öz xəyalı həyata keçmədiyi üçün məni həkim kimi görmək istəyirdi. Elə uşaqlıqdan ancaq həkimliklə bağlı oyuncaqlarım olurdu. Düşünürdüm ki, bu sənət çox maraqlıdır. Tibb Universitetinə daxil olduqdan sonra yadımdadır, qohumumuzun gözünə virus düşmüşdü. Mən də, hələ tələbəlik illərində kitablardan oxuyaraq, onu müalicə etməyə başladım. Müalicəm öz effektini verdi. O vaxta qədər göz həkimi olmağı düşünmürdüm. Bu müalicədən sonra istiqamətimi seçdim ki, bu sahədə özümü inkişaf etdirməliyəm.    - Karyeranıza nəzər yetirdikdə görürük ki, xarici ölkələrdə qatıldığınız konfranslar, kurslar az deyil. Sizcə, xaricdə təhsil almağın əhəmiyyəti nədir?

- Xaricdə təhsil almağın əhəmiyyəti çoxdur. Həkim üçün isə bu, vacibdir. Çünki orada öyrənmək üçün imkanlar genişdir və ən əsası sənə xəstəni müayinə etmək imkanı verirlər. Hər şeyi nəzəriyyədən yox, təcrübədən öyrənirsən. Xaricdə həkimlər öyrənmək istəyənə xüsusilə dəstək olur, əhəmiyyət verirlər. Avadanlıqları çox güclüdür. Mənə elə gəlir ki, xaricdə təhsil almayan həkim mükəmməl həkim ola bilməz. Tək Azərbaycanın sərhədlərində qalmaqla, mükəmməl həkim olmaq mümkün deyil.

- Ən çox keratakonus əməliyyatı edən həkim kimi tanınırsınız. Ümumiyyətlə, keratakonus nədir və ölkəmizdə bu xəstəlik kifayət qədər çoxdurmu?

- Bəli, Azərbaycanda çoxdur. İlk dəfə keratakonusla bağlı kursu Almaniyada keçdim. İspaniyada davam etdirərkən gördüm ki, bu xəstəliklə bağlı Küveytdən gələn xəstələr həddindən artıq çoxdur. Azərbaycanda isə öz təcrübəmdən deyə bilərəm ki, Naxçıvanda keratakonus xəstələri digər şəhərlərə nisbətən çoxdur. Havası tozlu, günəşli, quru olan şəhərlərdə keratakonus daha çox yayılır. Xəstəliyin yaranma səbəbi məlum deyil. Adətən 14-15 yaşdan sonra meydana çıxır. Özəlliyi odur ki, heç bir ağrı vermədən, görməni get-gedə azaldır. Ona görə də, kiminsə genetikasında keratakonus varsa, onlar mütləq müayinədən keçməlidir. Ən təhlükəlisi odur ki, keratakonusla gedən zəiflik bərpa olunmur. Korluğa doğru gedir və ən yaxşı halda donor köçürülməlidir. Biz əməliyyatla gözün zəifliyini bərpa etmirik, sadəcə zəifliyin gedişatını dondura bilirik. Keratakonusda görmə bərpa olunmur, xəstəni incitmədən korluğa doğru aparır. Onu da qeyd edim ki, Azərbaycan MDB ölkələrinin içində ən çox keratakonus xəstəliyinin olduğu ölkələrdəndir.

- Karyeranız dövründə əməliyyatlarınızın sayını unutduğunuzu deyirsiniz. Maraqlıdır, sizə təsir edən hansısa əməliyyatınız olubmu?

- Sayını bilməsəm də, ən çox etdiyim əməliyyatlar keratakonusdur. Mənə təsir edən əməliyyatlarım çox olub. Bunlardan biri Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz xanımın əməliyyatı idi. Dedi ki, mən kitablar tərcümə edirdim, indi gözlərim görmür və kiməsə möhtacam. Möhtac olmaq istəmirəm... Bir gündə iki gözünü əməliyyat etdim və səhəri gün əla görməyə başladı. İndi də onun hanısısa yazısını oxuyanda, düşünürəm ki, burada mənim də köməyim var. İkinci ən təsirli əməliyyatım isə daun xəstəsi olan qız uşağı idi. Keratakonus xəstəliyi var idi və bir gözü tamamilə sıradan çıxmışdı. Digər gözündə isə şans az idi. Mən dedim ki, sıradan çıxan gözü əməliyyat etməyəcəm. Çünki onu əməliyyat etmək risk idi və mənə görə onsuz da mənası yox idi. Uşağın anası ağladı ki, hər iki gözünü əməliyyat et. Deyirdi ki, yuxuda görüb ki, əməliyyatın effekti olacaq. Yardım məqsədilə etdiyim əməliyyatlardan biri idi. Ananın xahişindən sonra, hər iki gözünü əməliyyat etdim. İnanın ki, bir neçə aydan sonra xəstə gəldi və mən təəccübləndim. Deşilmək təhlükəsində olan bir gözü tamamilə bitişmişdi və həmin gözü ilə mənə hərfləri oxudu. Anası dedi ki, mən yuxuda görmüşdüm və bilirdim ki, görəcək.

- Sizcə, bu, möcüzə idi? Ümumiyyətlə, möcüzələrə inanırsınızmı?

- Bəli, bu, mümkünsüz idi və mən artıq möcüzələrə inanıram. Əvvəllər bu sualı mənə versəydilər, inkar edərdim. Amma zaman keçdikcə, karyeramda da qarşılaşdığım hadisələr məni inandırır. İnsan həyatında Allahın verdiyi elə istiqamətlər var ki, onu heç kim döndərə bilməz. Biz həkimlər sadəcə vasitəçiyik.    - Könüllü kimi təkcə Azərbaycanda deyil, Pakistanda, Hindistanda da pulsuz əməliyyatlar etmisiniz...


Xəbərə aid fotolar