İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planının icra vəziyyəti müzakirə edilib (FOTO)


Digərləri 05 Okt 2018 18:24:00 312 0

İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planının icra vəziyyəti müzakirə edilib (FOTO)

Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin birgə kollegiya iclası keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyətinin müzakirə edilməsi ilə bağlı DGK və Vergilər Nazirliyinin birgə kollegiya iclası keçirilib. DGK-dan Trend-ə verilən məlumata görə, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, vergilər naziri Mikayıl Cabbarov, eləcə də müvafiq strukturların rəhbərləri iştirak edib. İclası açan S.Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, hər iki qurumun əməkdaşlarından ibarət işçi qrupunun yaradıldığını və kollegiya iclasında görülən işlərin, qarşıda duran vəzifələrin müzakirə olunacağını bildirib. Dövlət başçısı tərəfindən hər iki qurum qarşısında qoyulan tapşırıqların qısa zaman kəsiyində qüsursuz həyata keçirilməsinin vacibliyinə toxunan Komitə sədri onu da qeyd edib ki, artıq DGK ilə Vergilər Nazirliyi arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın müsbət faydalarını bütün sahibkarlar və biznes subyektləri gündəlik fəaliyyətlərində hiss edəcəklər.