Sahibsiz itlər üçün yaradılan sığınacaqdan REPORTAJ VİDEO FOTO


Digərləri 05 Okt 2018 08:59:00 397 0

Sahibsiz itlər üçün yaradılan sığınacaqdan REPORTAJ  VİDEO  FOTO

Xaçmazda könüllü qızların təşəbbüsü ilə yaradılan sığınacaqda yeriyə bilməyən küçə itləri üçün Türkiyədən xüsusi arabalar gətiriləcək. Mila və Oslo adlandırılan bu itlərin onurğa sümükləri sındığından sərbəst hərəkət edə bilmirlər. İtlərdən biri güllə, digəri isə avtomobillə vurularaq ciddi xəsarət alıb. İflic olan heyvanlar üçün nəzərdə tutulan arabalar gətirildikdən sonra hər iki it başqalarının köməyi olmadan hərəkət edə biləcək.

Son.az xəbər verir ki, sığınacağın yaradılmasının əsas təşəbbüskarlarından olan Nailə Rüstəmli AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırda onların himayəsində 100-dən çox it var. Bu itlərin əksəriyyəti sığınacağa ölümcül vəziyyətdə gətirilərək müalicə olunub.

Könüllülər sığınacaqda saxlanılan itlərin yeni sahiblərinə verilməsi üçün də iş aparırlar. Bu vaxta kimi 70-ə yaxın it yeni sahibinə verilib. Sosial şəbəkələrdə şəkilləri görən insanlar müraciət edərək itləri saxlamaq istədiklərini bildirirlər. Könüllülər həmin şəxslərlə maraqlanır, onları araşdırırlar. Bundan sonra itin yeni sahibinə verilib-verilməməsi barədə qərar qəbul olunur.

Sığınacaqda itlərin qayğısına qalmaqda Nailəyə kömək edənlərdən biri də bacısı Hava Rüstəmlidir. "Oktyabrın 4-də bütün dünyada Heyvanların Beynəlxalq Müdafiə Günü qeyd olunur. Fürsətdən istifadə edib, mən bütün insanlara səslənirəm. Onları heyvanlara qayğı ilə yanaşmağa, incitməməyə çağırıram. Bizim sığınacağa yardım edən könüllülər az deyil. Amma bura yaralı, sahibsiz it gətirənlər daha çoxdur. Təəssüf ki, bizim imkanlarımız məhdud olduğundan hamıya yardım edə bilmirik", - deyə Hava Rüstəmli bildirib.

Könüllülər sığınacağın rəsmi qaydada hansısa dövlət qurumunun və ya qeyri-hökumət təşkilatının himayəsində fəaliyyət göstərməsini istəyirlər.


Xəbərə aid fotolar