Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə iştirak edib


Digərləri 04 Okt 2018 22:00:39 204 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə iştirak edib

Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzi oktyabrın 4-də Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib

Bakı. Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış “Toplan” Sahibsiz itlərə Qayğı Mərkəzi oktyabrın 4-də Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib. Paytaxtın Xətai rayonundakı idman-əyləncə park kompleksində “Azərcell” Telekom şirkətinin tərəfdaşlığı ilə keçirilən tədbirdə heyvan hüquqlarının müdafiəçiləri, uşaq evləri və internat məktəblərində tərbiyə alan, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, müxtəlif məktəblərdən şagirdlər və tələbələr iştirak ediblər. İştirakçılar Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində görülən tədbirlərlə tanış olublar. Park ərazisində müxtəlif əyləncə və maarifləndirici zonalar yaradılıb. Ziyarətçilər xidməti itlərin və dekorativ itlərin şousunu izləyib, kiçik zooparkda heyvanlarla yaxından tanış ola biliblər. Eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Kukla teatrlarının çıxışları, sirk tamaşası, uşaqlar üçün maarifləndirici və əyləncəli proqramlar, estafetlər, yarışlar və digər əyləncələr təqdim edilib.