DİM zal nəzarətçilərinin fəaliyyətini sertifikatlaşdırır


Digərləri 03 Okt 2018 18:00:00 285 0

DİM zal nəzarətçilərinin fəaliyyətini sertifikatlaşdırır

Dövlət İmtahan Mərkəzi zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatına başlayır.

Mərkəzdən Son.az-a verilən məlumata görə, imtahanların məzmun, model və texnologiya və baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini və ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə zal nəzarətçisi qismində cəlb edilməsini tələb edir. Bu tələbin qarşılanması məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması zərurəti meydana gəlib.

Sertifikat almaq üçün Azərbaycan vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 25-40 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. İlk olaraq namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq "Şəxsi kabinet" açmalı və daha sonra buradan qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

İlkin mərhələdə namizədin sənədləri yoxlanır və təhsili, fəaliyyəti, iş təcrübəsi və s. dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir. Müsahibənin nəticəsi müsbət olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin şəxsi kabinetində yerləşdirlir (və ya e-mailinə, mobil telefonuna bildiriş göndərilir). Test imtahanında iştirak ödənişlidir və 10 manat təşkil edir. Ödəniş şəxsi kabinet vasitəsilə həyata keçirilir.