“ASAN xidmət”də işə qəbulla bağlı vətəndaşlardan qanunsuz pul tələb edən şəxslər həbs edilib


Digərləri 02 Okt 2018 17:04:00 205 0

“ASAN xidmət”də işə qəbulla bağlı vətəndaşlardan qanunsuz pul tələb edən şəxslər həbs edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar çərçivəsində uğurla icra edilən işlərdən biri kimi son illər ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət mexanizminin qurulması, dövlət idarəçiliyində ədalətli və aşkarlıqla həyata keçirilən kadr siyasəti, təcrübəyə və intellektə malik dövlət qulluqçularının müsabiqə əsasında seçilib yerləşdirilməsi, vətəndaşların məşğulluğu məsələlərində dövlət strukturları və peşəkar qurumlar arasında münasibətlərin inkişaf etdirilməsi, bütün sahələrdə peşəkar və səriştəli kadrların hazırlanması, qulluqda irəli çəkilmə üzrə şəffaflıq və rəqabətliliyin təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub.

Son.az bildirir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumatə görə, şəffaf prosedurlar əsasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" Mərkəzində işə qəbulla bağlı vətəndaşlardan qanunsuz pul tələb edilməsi barədə Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Dövlət Agentliyi ilə birgə aparılmış araşdırmalarla Nurəddin Quliyevin Zakir Məmmədov və Yasin Məmmədovla bir qrup şəxs halında ayrı-ayrı tanışlarını vəzifəli şəxsə rüşvət verilməklə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibədən kənar "ASAN xidmət" mərkəzində işə qəbul etdirəcəyinə inandırıb ümumilikdə 20 min manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, istintaq zamanı N.Quliyevin qulluq mövqeyindən istifadə edərək "Ayla LTD", "Elvin İnşaat Servis" MMC-lərinin təsisçisi Ədalət Zaidov və Rauf Əzizovla əlbir olaraq Məhərrəm Əliyevin evini banka girov qoyub 100 min manat pul alacağını vəd edərək buna görə banka ilkin olaraq 15 min manat pul ödənilməli olduğunu bildirib onların vasitəsilə sonuncudan həmin məbləğdə pulu ələ keçirib dələduzluq etməsinə də əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaqla həmçinin, N.Quliyevin Ə.Zaidov və R.Əzizovla birlikdə tikinti layihəsinin həyata keçirilməsi üçün pula ehtiyac olduğunu yalandan İlqar Qədimova bildirirək 18 min manat pulu alıb təkrarən dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.