Mənzildə otaqların havalandırılmasına diqqət yetirmək tövsiyə olunur


Digərləri 01 Okt 2018 23:18:00 224 0

Mənzildə otaqların havalandırılmasına diqqət yetirmək tövsiyə olunur

Çox təəssüf ki, inşa edilmiş hündürmərtəbəli binalarda, iş yerlərində, məktəblərdə və xəstəxanalarda havalandırma üçün qoyulan bacaların bir çoxunun işləmə vəziyyəti qənaətbəxş deyil.

Mənzildə olan bütün otaqların havalandırılmasına diqqət yertirilməlidir. Otağın havasını pəncərələri açmaqla və ionizatorlardan istifadə etməklə dəyişmək olar. Havalandırıcı bacaların işləmə vəziyyətini yoxlamaq üçün yanan şamı onlara yaxınlaşdırmaq lazımdır. Alovun baca tərəfə əyilməsi onların normal işləməsi deməkdir. Əgər alov öz istiqamətini dəyişməzsə, bu deməkdir ki, baca tutulub və təmizlənməsinə ehtiyac var.

Ailədə ürək-damar sistemi xəstəliyindən əziyyət çəkən varsa, hamamı yalnız pəncərənin açılması ilə havalandırmaq olmaz. Mütləq elektrik havalandırıcıdan da istifadə edilməlidir. Mətbəxdə isə daha güclü havalandırıcıdan istifadə etmək tövsiyə olunur. Çünki qaz ocağının yanması zamanı sağlamlıq üçün təhlükəli olan azot oksidləri havaya buraxılır. Əlbəttə, qaz ocağını elektrik ocaqla əvəzləmək yaxşı olardı. Lakin mətbəxdə olan kiçik bacanı hər zaman açıq saxlamaqla da havanı dəyişmək mümkündür.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.