Naxçıvan zəngin turizm potensialına malikdir FOTOREPORTAJ


Digərləri 01 Okt 2018 07:00:00 457 0

Naxçıvan zəngin turizm potensialına malikdir  FOTOREPORTAJ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si ölkəmizdə "Turizm işçiləri günü" peşə bayramı kimi qeyd olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı var. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin məlumatına görə, muxtar respublikamızın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır.

200-dən çox mineral su bulağı, nadir flora və faunası olan gözəl məkan

200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası mövcuddur. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının "Qırmızı Kitabı"na daxil edilib və xüsusi mühafizəyə alınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaradıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan verib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artıb. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınıb, su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilib. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizminin inkişafı üçün geniş imkanlar mövcuddur.

Tarixi-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir

Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınıb. 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunub. Son illər Möminə xatun türbəsi bərpa edilib, "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Yusif Küseyiroğlu və Nuh Peyğəmbərin məzarüstü türbələri, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki "Came" məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə və digər tarixi abidələr bərpa olunub. Bu il isə Nehrəm İmamzadəsi, Naxçıvan şəhərindəki İmamzadə, Qarabağlar Türbə Kompleksi və Yengicə kəndindəki Şərq hamamında bərpa işləri aparılıb. Hazırda Qazançı körpüsünün bərpası davam etdirilir. 

2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən "2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı"nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoyub. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: "Bu gün ölkələrin əsas gəlir mənbələrindən biri kimi turizmin inkişafı məsələləri xeyli aktuallaşıb. Azərbaycanda bu sahədə kompleks tədbirlər görülmüş, yeni turizm infrastrukturları yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında da bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikada tarixi-mədəniyyət abidələrinin, zəngin təbiətin, şəfalı suların, təbii müalicə mərkəzlərinin mövcudluğu turizmin inkişafı üçün geniş imkanlar yaratmışdır".