Lotu Quli növbəti revanşa hazırlaşır:


Digərləri 29 Sen 2018 13:19:00 309 0

Lotu Quli növbəti revanşa hazırlaşır:

Lotu Quli ləqəbi ilə məşhur olan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Odessa vilayətində cinayətkar dəstələri təmərküzləşdirməyə və onların qarşılıqlı əlaqəsini yaratmağa çalışır.

Son.az xəbər verir ki, bunu sputnik.az-a müsahibəsində Odessa vilayətinin Baş Milli Polis İdarəsi rəisinin müşaviri, kriminal istimaiyyətlə mübarizə məsələləri üzrə ekspert Ruslan Forostyak bildirib.

Onun sözlərinə görə, Quli periodik olaraq, öz elçilərini Odessaya göndərir. "Qanuni oğru" bölgəyə nəzarəti yaxşılaşdırmaq üçün ayrı-ayrı qrupları birləşdirməyə çalışır.

"2018-ci il ərzində biz cinayətkar qruplaşmaları, eləcə də Azərbaycan əsilliləri, yaxşıca pərən-pərən salmışıq. Hazırda onlar səpələnmiş vəziyyətdədirlər və vahid mərkəzdən idarə olunmurlar. Səlifovun adamları vaxtaşırı bura gələrək onları bir yerə toplamağa cəhd edirlər. Lakin biz onları dərhal izləməyə başlayırıq və ən kiçik bir fürsət yaranan kimi ölkədən kənara deportasiya edirik. Polis kriminal elementlərin mütəşəkkil cinayətkar qruplaşmaların ətrafında birləşməməsi üçün onları yaxından təqib edir" - deyə Forostyak bildirib.

Onun sözlərinə görə, cinayətkarların fəallığının zirvəsi 2015-2016-cı illərdə olub. Lakin 2017-2018-ci illərdə polis Odessada bu istiqamətdə vəziyyəti stabilləşdirə bilib. Bu planda müsbət dinamika izlənməkdədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları bütün bu mənfi təzahürlərə qarşı kifayət qədər ciddi müqavimət göstərirlər.

"Buradakı etnik qruplaşmalar aşağıdakı kimi bölünür: yerli ruslar, Dnestryanından olan qaqauzlar və deyək ki, daha fəal olan azərbaycanlılar və gürcülər. İnqişlar, osetinlər və çeçenlər demək olar ki, gözə dəymirlər və ciddi təhlükə yaratmırlar. Onlar kiçik qruplara bölünərək müəyyən ciddi işlərlə məşğul olurlar və küçə ticarətinə müdaxilə etmirlər" - deyə polis rəisinin müşaviri bildirib.

Gürcü cinayətkarlardan ibarət qruplaşmalar əsasən mənzil qarətləri, avtomobillərin soyulması və qaçırılması ilə məşğul olurlar. Onların arasında daha cürətliləri quldur basqınları və talançılıq edirlər. Azərbaycanlılar isə demək olar ki, mənzil qarətlərində nəzərə çarpmırlar. Onlar əsasən reketlə (hədə-qorxu yolu ilə tələbetmə), yaxud ticarət məntəqələrinin himayəsi ilə, yaxud da quldur basqınları və qarətlə məşğul olurlar.