Leyla Əliyeva Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində sərgilərin açılışında iştirak edib (FOTO)


Digərləri 28 Sen 2018 22:54:33 256 0

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində sərgilərin açılışında iştirak edib (FOTO)

Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində üç sərgi - “Live Life”, “Hürufilik: incəsənət və identiklik” və Brayn İnonun “77 milyon rəsm əsəri” sərgiləri açılıb.

Bakı. Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində üç sərgi - “Live Life”, “Hürufilik: incəsənət və identiklik” və Brayn İnonun “77 milyon rəsm əsəri” sərgiləri açılıb. Sərgilərin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Festivalın açılışı münasibətilə təbriklərini çatdıran Leyla Əliyeva bu festivalın dünyada incəsənətin, mədəniyyətin inkişafına mühüm töhfə olacağına əminliyini ifadə etdi. Nəsiminin Azərbaycan poeziyasının inkişafında əhəmiyyətli rol oynadığını və poeziyanın şah əsərlərini yaratdığını deyən Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi poeziyasının bu gün də yaşadığını və aktual olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, biz bu festivalda Nəsimi poeziyasının ruhunu musiqi, rəqs, incəsənət, videoinstalyasiyalar, yoqo meditasiyası vasitəsilə kəşf edəcəyik və şüurun dərinliyinə səyahət edəcəyik. Nəsimi festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində üç sərginin açıldığını da qeyd edən Leyla Əliyeva müəllifi olduğu “Live Life” sərgisinin London, Berlin, Moskva, Paris və Tbilisidə nümayiş etdirildiyini, bu sərginin ekoloji problemlərə diqqəti yönəltdiyini bildirdi. Qeyd etdi ki, eyni zamanda, sərgi bizim planetin gözəlliyini və bütün insanların birliyini vurğulayır. Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondu tərəfindən təqdim olunan “Hürufilik: incəsənət və identiklik” sərgisindən də danışdı, burada bir sıra ərəb ölkələrində yaşayan müasir rəssamların işlərinin təqdim edildiyini söylədi. Brayn İnonun “77 milyon rəsm əsəri” sərgisində isə musiqinin və video-art instalyasiyanın nümayiş olunduğunu vurğuladı. Heydər Əliyev Fondunun vitse-prezidenti festivala gələn qonaqlara minnətdarlığını bildirərək, Nəsiminin poemalarının daimi olduğunu vurğuladı. “Bu əsərləri oxuyanda siz insanın ruhunu hiss edirsiniz. Ümidvaram ki, bu festival nəticəsində Nəsimi poeziyasının bir çox yeni oxucuları üzə çıxacaq və planetimizə daha müsbət ideyalar yayacaqlar”, - deyən Leyla Əliyeva festivalın işinə uğurlar arzuladı. Tədbirdə çıxış edən Barcil Fondunun nümayəndəsi Çarlz Pokok, Nəsiminin qohumu Məhəmməd Nəsimi festivalın, eləcə də sərgilərin təşkilinə görə təşəkkür ediblər. Sonra tədbir iştirakçıları sərgilərlə tanış olublar. “Live Life” sərgisi “Live Life” (“Canlı həyat”) sərgisi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Ekspozisiya London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Ekspozisiyaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan rəssamları Məryəm Ələkbərli, Ayləl Heydərova, Nailə Sultan, Rəhim Çopurov, Timur Özdəmirovun əsərləri daxildir və onlar sərginin təqdim olunduğu bütün şəhərlərdə nümayiş etdirilib. Bundan əlavə, hər bir ölkədə keçirilmiş sərgidə iştirak etmək üçün yerli rəssamlar da dəvət olunub.