Koreya və Azərbaycan arasında körpü olmağa çalışan gənc Örnək


Digərləri 28 Sen 2018 22:41:00 232 0

Koreya və Azərbaycan arasında körpü olmağa çalışan gənc  Örnək

Nihat Xəlilzadə: "Koreyada ən çox bəyənilən yeməklərimiz qutab, qovurma, dolma və çörəkdir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

10 ildir ki, Koreyanın Seul şəhərində yaşayır. O qədər vətənpərvərdir ki, getdiyi gündən könüllü şəkildə Azərbaycanı tanıtmaqla məşğuldur. 2011-ci ildən UNESCO-da, 2014-ci ildən Seul İcra Hakimiyyətində və Seul Gənclər Mərkəzində Azərbaycan haqqında dərslər verib. Tələbələri çox vaxt 7-20 yaş arası məktəblilər olsa da, bəzən böyük Koreya şirkət sahiblərinə və işçilərinə də Azərbaycan haqqında dərslər verir. Deyir ki, dərslərdən sonra tələbələr hamısı mütləq bir gün Azərbaycana getməyi arzulayırlar. Məhz bunu əməyinin qarşılığı və uğuru hesab edir.

"Örnək" rubrikamızın qonağı Koreyada ölkəmizi təmsil edən həmyerlimiz Nihat Xəlilzadədir. Nihat həm də Koreyada yemək yarmarkasında Azərbaycan yeməklərini tanıdıb.   Azərbaycanlılar adına xeyriyyə aksiyası   Həmsöhbətimiz hazırda Koreya şirkətində xariclə əlaqələr üzrə mütəxəssis kimi çalışır. Həmçinin magistratura dərəcəsində Soongsil Universitetinin İnformasiya Texnologiyalarının Menecmenti ixtisasında təqaüdlə təhsil alır: "Ayda 5 dəfə könüllü olaraq Azərbaycan haqqında dərslər verirəm və həftə sonu Azərbaycanı müxtəlif ekspo, festival və tədbirlərdə təbliğ edirəm. Təbliğatda milli təamlarımız və tanıdıcı bukletləri koreyalılara təqdim edirik və tədbirdə yeməklərin satışından əldə etdiyimiz qazancın bir hissəsini azərbaycanlılar adından xeyriyyə aksiyasına təqdim edirik".   "Sağol" adlı yemək də var"   Nihat deyir ki, koreyalı tələbələrə Azərbaycan mədəniyyəti həqiqətən də çox maraqlıdır: "Koreya və Azərbaycan dili eyni dil qrupundandır: Altay dil qrupu. Bunu istər cümlələrin quruluşundan, istərsə də hərflərin səslənməsindən hiss etmək mümkündür. Koreyalı tələbələrin ən tez yadlarında qalan "sağ ol" sözüdür. Koreyalıların "sağol" adlı yeməkləri var".

Müsahibimizin sözlərinə görə, koreyalılar onu TV proqramlarından tanıyırlar: "Koreyada Beynəlxalq Turizm Sərgisində Azərbaycan yeməklərini təqdim etdim. Çox gözəl oldu. Minlərlə koreyalıya Azərbaycanı tanıtmağa çalışdıq. İnsanların çoxu məni televiziya proqramlarından tanıdıqlarını və dəstəklədiklərini söyləyirdilər. Azərbaycanı tanıtmaq səbəbkarı olmaq həqiqətən də çox gözəl hissdir. Dediyim dərslər yaddan çıxsa belə, əminəm ki, bişirdiyim yeməyin dadını unutmazlar".   Azərbaycanlı ailənin Koreyada missiyası   Nihat deyir ki, onun Koreyada Azərbaycanı tanıtmaq adına gördüyü işlər təkcə vətənpərvərlik deyil, həm də ailəsinin missiyasıdır: "Mən artıq illərdir belə könüllü işlə məşğulam. Əvvəllər təbii ki, vətəndaş olaraq borcumu yerinə yetirdiyimi düşünürdüm. Amma bu, vətənpərvərlikdən əlavə, artıq bizim ailənin Koreyadakı missiyasıdır. Biz ailəlikcə Koreyada Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq və bunun üçün əlimizdən gələni edirik".

Məlumat üçün bildirək ki, Nihat həm də Koreyada ilk dəfə Azərbaycan restoranı açıb: "Mən əvvəl Koreyada ilk Azərbaycan restoranını da açmışdım, lakin gözlədiyimiz nəticələri əldə edə bilmədiyimiz üçün restoranı bağlamalı oldum. Həmin vaxt Koreyada Azərbaycan yaxşı tanınmadığına görə, alıcı kütləsi çox az idi. Amma artıq tədbirlərdə iştirak etdikcə, görürük ki, Koreyada Azərbaycanı sevənlər, Azərbaycana marağı olanlar çoxdur".   "Koreyalılar ət qutabını çox sevir"   Nihat deyir ki, beynəlxalq sərgiyə azərbaycanlı ailə kimi koreyalılar tərəfindən xüsusi dəvət olunublar: "Həmin sərgi Beynəlxalq Turizm Eksposu idi və dünyanın müxtəlif ölkələrindən turizm şirkətləri gəlib öz ölkələrinin təbliğatını aparırdılar. Təbliğat yeməklərlə, suvenirlər və rəqslə və s. ilə aparılırdı. Biz də həmin tədbirin təşkilatçısından xüsusi dəvət aldıq və iştirak etməyə qərar verdik".


Xəbərə aid fotolar