YAP Abşeron rayon təşkilatının 25 illik yubileyi qeyd edilib FOTO


Digərləri 28 Sen 2018 08:35:00 340 0

YAP Abşeron rayon təşkilatının 25 illik yubileyi qeyd edilib  FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər. Öncə iştirakçılar Heydər Əliyev Mərkəzinin inzibati binasının önündə ümummilli liderin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoydular, Onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev rayon təşkilatının fəaliyyətinə nəzər salıb. Bildirib ki, sıralarında 10 mindən çox üzvü birləşdirən rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyələrinə, eləcə də üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib. B.Vəliyev xüsusi olaraq vurğulayıb ki, partiyanın Abşeron rayon təşkilatı respublikada ilk yaranmış təşkilatlardandır. 1993-cü ilin fevral ayının 22-də təsis olunan, 10000 nəfərə yaxın partiya üzvünü və 122 ərazi ilk partiya təşkilatını birləşdirən Abşeron rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir.

YAP Abşeron rayon təşkilatının Şura üzvü Nuru Nadirov YAP-ın yaradılmasının tarixi zərurət olduğunu bildirərək o zamankı siyasi vəziyyətə diqqət yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşanan, xalqımızın düşdüyü çox ağır vəziyyət hər kəsin yaddaşındadır. Çətin bir vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi. Belə bir vəziyyətdə dövlətçiliyimizin təminatını və xalqımızın müdafiəsini ancaq Heydər Əliyev kimi dahi bir şəxsiyyət bacara bilərdi. Bu səbəbdən ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanın - Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiyanın təsis olunması, sonrakı illərdə iqtidarda təmsil olunması ilə dövlətimizin bütün problemləri öz həllini tapdı. YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyibə Hüseynova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. YAP Abşeron rayon təşkilatının 10 minə yaxın partiya üzvünün 65 faizini qadınlar təşkil edir. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Onlar öz vətəndaş mövqeyini əmək fəaliyyətlərini uğurla davam etdirməkdə görürlər. Bir sözlə, Azərbaycan qadınları tükənməz enerji ilə doğma ailələrində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib".

Onun sözlərinə görə, bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır: "Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir".