“Onlar məktəbdə ancaq maaş davası edirlər...”


Digərləri 26 Sen 2018 18:08:00 223 0

“Onlar məktəbdə ancaq maaş davası edirlər...”

Ötən gün 67 saylı məktəbdə ikinci sinif şagirdinin yemək yeyən zaman boğularaq ölməsi valideynlər arasında təşvişə səbəb olub. Belə ki, dili qatlanan şagirdin həyatının xilas oluna bilməməsi məktəblərdə tibb məntəqəsi məsələsini yenidən gündəmə gətirib. 

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən qafqazinfo-ya bildirilib ki, "Təhsil haqqında" Qanununa əsasən, şagirdlərə tibbi xidmət pulsuz göstərilir:

"Ümumi təhsil müəssisələrində tibb xidməti Nazirlər Kabinetinin 2010-cu il tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"na əsasən həyata keçirilir. Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq yerlərdə tibb otağı ayrılıb. Həmin otaqlar zəruri avadanlıqlarla təmin edilib. Məktəblərdə tibbi xidmət işi isə yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri tibb məntəqəsi ilə təmin edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Eyni zamanda, məktəb direktorları tibb bacısı və ya həkimlərlə, həmçinin yerli poliklinikalar ilə sıx əlaqəli işləyir".

Tibb eksperti Adil Qeybullanın sözlərinə görə, məktəbdə bütün uşaqların tibbi vərəqəsi olur və tibbi müayinələrin nəticələri də elə həmin vərəqdə öz əksini tapır: 

"Şagirdə nəsə olarsa, təcili tibbi yardım maşını gələnə kimi tibb bacısı ilkin yardım göstəriməlidir və o, birbaşa məsuliyyət daşıyır. Bundan başqa, tibb bacısının hər hansı bir situasiyada uşağa iynə vurmaq səlahiyyəti yoxdur. Yalnız yüngül dərmanlardan verə bilər. 

Özəl məktəblərdə bu qaydaların əksəriyyətinə riayət olunur. Amma dövlət məktəblərindəki vəziyyətlə bağlı bir şey demək çətindir". 

Adil Qeybulla

Tibb məntəqələrində hansı dərman və avadanlıqların olması zəruridir?

Yod, spirt, 3 faizli hidrogen peroksid, sarğı materialları, qanaxmanı saxlamaq üçün elastik juqut, həmçinin təzyiqi ölçmək üçün monometr, tibbi iynələr.

Bütün məktəblərdə lazımi tədbirlər görülürmü?

Təhsil üzrə ekspert Kamran Əsədov məsələyə münasibət bildirən zaman bu kimi ölüm hallarının hər il təkrarlanırdığını bildirib. Ekspert qeyd edib ki, artıq Təhsil Nazirliyi bununla bağlı iş görməlidir:

"Bu, birinci hal deyil. 67 saylı məktəbdə baş vermiş hadisə nəyi göstərir? Birincisi, ümumilikdə məktəbdəki şəxslərin ilkin tibbi yardım göstərmək bacarıqları yoxdur. Normativ akta əsasən isə məktəbdə çalışan hər bir şəxs şagirdlərə ilkin tibbi yardım göstərmək bacarığına malik olmalıdır. İkincisi isə, ibtidai sinif şagirdlərinə evdən yemək gönədərilir və həmin qidalar kor-koranə şəkildə qəbul olunur. Ancaq həmin uşaqların  nəzarətsiz şəkildə qidalanmasına icazə yoxdur. Məktəbdə uşağın dilinin qatlanıb ölməsi bilirsiz nə deməkdir? Bu təkcə təhsil sisteminin aşağı səviyyədə olmasından xəbər vermir, həm də məktəbdəki xidmətin aşağı olduğunun göstəricisidir. 

Bir çox xəstəliklər var ki, onlara qarşı profilaktik işlər görülməlidir. Amma məktəblərin tibb otaqlarında bu kimi xidmətlər göstərilmir. Bundan başqa, bufet, yeməkxana, antisanitar qovşaq belə tibb bacıları tərəfindən yoxlanılmalıdır".

Kamran Əsədov