Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb


Digərləri 25 Sen 2018 17:33:39 272 0

Bakı Beynəlxalq Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb

Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü, Avropa İttifaqının (Aİ) və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb. Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunub. Sessiyalarda Aİ, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış ediblər. Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə forum iştirakçıları sərgiyə baxış keçirib. Daha sonra forumda çıxış edən R.Quluzadə tədbirin təşkilində göstərdikləri dəstəyə görə Aİ-ə və BMT-nin Ticarət və İnkişaf Konfransına minnətdarlığını bildirib. Nazir qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir və ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Nazir son illər Azərbaycanda elektron ticarətin inkişafı istiqamətində ciddi addımlar atıldığını və bu istiqamətdə NRYTN-nin elektron ticarətin fəaliyyətini təmin edən rəqəmli ekosistemin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb: “Hazırda Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir. Elektron ticarətin inkişafı üçün müasir tələblərə cavab verən poçtdaşımaları infrastrukturunun yaradılmasına ciddi diqqət yetirilir. Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihəyə əsasən, Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları “Silk Way” aviaşirkəti vasitəsilə həyata keçirilir. Sürətli daşımalarda xüsusi rolu olan mülki aviasiya sahəsi də ölkəmizdə sürətlə inkişaf edir, müasir rəqabət şərtlərinə uyğunlaşır”.