RusiyaÇin: yeni alyans, yaxud aldadıcı geosiyasi manevrlər?


Dünya 25 Sen 2018 12:38:00 251 0

RusiyaÇin: yeni alyans, yaxud aldadıcı geosiyasi manevrlər?

Vladivostokda keçirilmiş iki tədbir dünya siyasətində böyük maraq oyadıb. Onlardan biri Şərq İqtisadi Forumu, digəri isə "Vostok-2018" hərbi təlimləri idi. Hər iki tədbirdə Rusiya və Çin aparıcı rolda çıxış ediblər. Moskva iqtisadi forumda həm də regional və dünya miqyası üçün əhəmiyyətli olan siyasi və geosiyasi məsələləri də müzakirə edib.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, V.Putin Yaponiyanın baş naziri Ş.Abe və Çin dövlət başçısı S.Szinpin ilə danışıqlar aparıb. Eyni zamanda, hərbi təlimlərdə yüzminlərlə rus əsgəri və minlərlə hərbi texnika iştirak edib. Bunların fonunda ekspertlər ABŞ-Rusiya-Çin münasibətləri şəbəkəsində hansı proseslərin baş verdiyi üzərində geniş dayanırlar. İlk baxışdan sadə görünən geosiyasi xarakterli məsələlər, əslində, dərin və mürəkkəb dinamikaya malikdir. Həmin tezis kontekstində biz Rusiya-Çin münasibətlərinə və onun ABŞ bağlılığında verə biləcəyi nəticələrinə təhlili yanaşmağı lazım bilirik.

Təmkin və hirs: Moskva ilə Vaşinqton arasındakı fərqlər haqqında

Çini ABŞ-ın liderliyinə yeganə alternativ kimi qəbul edirlər. Bu fikirlə ekspertlərin böyük əksəriyyəti razılaşır. Hətta ABŞ-ın rəsmi şəxsləri açıq ifadə edirlər ki, Amerika üçün yeganə maneə Çindir. Biz bu "maneə"nin amerikan diplomatiyasında konkret nəyi ifadə etdiyini təxmin edə bilərik. Söhbət, hər şeydən öncə, Çinin dünya liderliyini ABŞ-ın əlindən alması imkanlarından gedə bilər. Burada "imkanlar" sözü də təsadüfi işlənmir. Çünki bir çox ekspertlər (məsələn, C.Nay, C.Fridman və b.) hesab edirlər ki, Çin prinsipcə ABŞ-a alternativ ola bilməz.

Pekin Amerikanın dominantlıq etdiyi mövcud geosiyasi nizamın çərçivəsindən kənara çıxmır. Əksinə, onun inkişaf etməsi üçün cəhd göstərir. Məsələn, Pekin mövcud beynəlxalq təşkilatlar şəbəkəsinin (ilk növbədə BMT-nin) daha səmərəli çalışması üçün islahatlar arzulayır. Sonra, Çin BMT TŞ-nin daimi üzvü kimi fəaliyyətdədir və ondan imtina etmək fikrində deyil. Çin dünya maliyyə sistemində islahatları Qərbin maraqlarına zidd olmayan məzmunda aparmağı təklif edir.

Bunlardan başqa, Çin nə qədər sürətlə inkişaf etsə də, yeni texnologiyalar və iqtisadi sistem cəhətdən aparıcı deyil. O, daha çox Qərbdən qaynaqlanan ideyaların "surətini çıxarır". Bəs onda Çin hansı mənada Amerika üçün "başlıca maneə"dir?

Bu suala Vladivostokda keçirilmiş Şərq İqtisadi Forumu və "Şərq-2018" hərbi təlimləri kontekstində cavab axtarmaq maraqlı olardı. Sentyabrın əvvəllərində baş tutan bu tədbirlər təsadüfənmi zamanca üst-üstə düşüb? Rusiya kimi təcrübəli və güclü dövlətin xarici siyasəti ilə bağlı "təsadüf" termini elə də uğurlu işlənməz. V.Putin Vladivostokda Uzaq Şərqin iki çox güclü dövləti - Çin və Yaponiyanın rəhbərləri ilə əsl "siyasi səhnə" təşkil etdi. S.Szinpin və Ş.Abe tədbirlərdə, əslində, V.Putinin "ssenarisi" üzrə iştirak etdilər.

Birincisi, Rusiya Prezidenti regionda bir-birinə geosiyasi və iqtisadi-hərbi rəqib olan iki dövlətin başçılarını yanaşı oturtdu. Onlar birlikdə regional geosiyasi, iqtisadi və hərbi təhlükəsizlik məsələlərini müzakirə etdilər. Orada təbii ki, konkret razılaşma olmadı. Ancaq V.Putin bunun fonunda S.Szinpin ilə xüsusi yemək mərasimində iştirak etdi, Ş.Abeyə isə Kuril adaları ilə bağlı dolaşdırıcı təklif etdi.

İkincisi, Ş.Abe fürsətdən istifadə edib, V.Putinə sülh müqaviləsi imzalamaq zamanının çatdığını deyəndə V.Putinin cavabı çox diplomatik oldu. Rusiya rəhbəri yaranmış vəziyyətdən istifadə edərək "topu" Yaponiyanın baş nazirinə ötürdü. Rusiya prezidenti dedi ki, yaxşı fikirdir və ilkin şərt qoymadan sülh sazişini imzalayaq, sonra başqa məsələlərə baxarıq. Yəni əvvəlcə qarşılıqlı iqtisadi-hərbi əlaqələri inkişaf etdirək, sonra isə sizin Kurilə iddianız barədə danışa bilərik (bax: "Мир без аннексий и контрибуций" / "Росбалт", 12 sentyabr 2018). Yaponiyanın baş naziri bu təklifə etiraz edə bilmədi və cavab da vermədi. Çünki hər hansı razılıq onun istefası ilə nəticələnə bilərdi.

Üçüncüsü, bir sıra ekspertlər bu kimi diplomatik atmacaların arxasında Rusiyanın "Vostok-2018" hərbi təlimlərində 300 min rus əsgərinin və minlərlə təyyarə və tankların iştirakının dayandığı qənaətindədirlər. Başqa sözlə, Moskva real olaraq güc nümayiş etdirib. O da həqiqətdir ki, Çin son yüz ildə ilk dəfə minlərlə əsgəri və texnikası ilə Rusiya ilə birlikdə hərbi təlimdə iştirak edir. Özü də bu təlimlərin təşkilatçısı Rusiyadır! Bir qədər əvvəl Pekin amerikalıların təşkil etdiyi hərbi təlimdə iştirak üçün müraciət etmişdi, lakin Pentaqon rədd cavabı vermişdi. Bu iki faktın müqayisəsi göstərir ki, ABŞ Çinlə lazımi səviyyədə anlaşıqlı danışmaq istəmir.

Dördüncüsü, Şərq İqtisadi Forumuna Çin ilk dəfə olaraq 600 nəfərlik nümayəndə heyəti ilə qatıldı. Bu, Çinlə Rusiya arasında iqtisadi əlaqələrə önəm verildiyini göstərir. Doğrudur, hələlik bunun böyük ölçüdə faktları gözə dəymir. Bunu çinli və rusiyalı ekspertlər açıq ifadə edirlər (bax: məs., РФ и КНР договариваются, как противостоять санкциям США / "Независимая газета", 10 sentyabr 2018).