Tailandda istirahət üçün ən gözəl məkan FOTO


Digərləri 24 Sen 2018 23:51:00 299 0

Tailandda istirahət üçün ən gözəl məkan  FOTO

Tailand Cənub-Şərqi Asiyanın dünyanın hər yerindən milyonlarla turist qəbul edən ekzotik ölkəsidir. İstirahət imkanları burada hüdudsuzdur. Müasir meqapolisin coşqun həyatı ilə maraqlananlar Banqkoka yola düşürlər. Gənclər üçün bir nömrəli istiqamət xudmani Panqan adasıdır. Biz isə Tailanda ilk səfərimiz üçün Samui adasını seçdik. Bu ada ailəvi və təbiətin qoynunda sakit şəraitdə istirahət etməyi sevənlər üçün ideal yerdir. Lakin bu heç də o demək deyil ki, adada çimərlikdə dincəlməkdən başqa məşğul olmaq üçün nəsə yoxdur. Orada olduğumuz bir neçə gün ərzində biz kokos yağının istehsal sirlərini öyrənə, Asiya filləri ilə ünsiyyətdə ola, cəngəllik üzərində ziplaynda gəzə, insan məskunlaşmadığı adaya - dənizin ortasında qoruğa gedə, Siam körfəzində kayak gəzintisinə çıxa bildik.

Son.az AZƏRTAC-a istinadən Samui adası haqqında reportajı təqdim edir.

Aeroportda furşet, tropik bağ və səhər yeməyi üçün kokos

Əsl ekzotik istiqamət kimi Tailand bizim ölkənin coğrafi en dairəsindən uzaqda yerləşir. Bakıdan bu ölkəyə birbaşa uçuş hələ ki yoxdur və biz Əbu-Dabidən tranzit olmaqla ən rahat reysi seçdik. Banqkoka uçuş ümumilikdə təxminən 9 saat çəkdi. Ondan sonra biz özümüzü Samui adasına yetirməli idik. Bunun üçün daxili aviadaşıyıcıdan - "Bangkok Airways" aviaşirkətinin xidmətlərindən istifadə etdik. Qeyd edək ki, aviaşirkət servisin səviyyəsinə görə adamı sözün yaxşı mənasında təəccübləndirir. Ekonom-klass sərnişinləri üçün "Business Lounge"dan heç də geri qalmayan, qəlyanaltıların, içkilərin və internetin olduğu ayrıca gözləmə zalının təşkil edildiyini ilk dəfə burada gördük. Banqkokdan Samuiyə uçuş bir saat davam edir. Bu müddətdə sərnişinlərə isti yemək təklif olunur ki, bu da qısa məsafəlik uçuşlarda nadir rast gəlinən hadisədir. 

Samui aeroportu "ada" tərzində yaradılıb. Məsələn, baqaj çatdırılması lenti burada faktiki olaraq açıq havada "küləş çardağın" altında yerləşir. Adada ilboyu yay olduğu, temperaturun müsbət 28-dən aşağı düşmədiyi nəzərə alınarsa, bu, ağlabatan qərardır. Qalan məsələlər, yəni "duty-free", "lounge", kafe və restoranlar aeroportlarda olduğu kimidir. Lakin Samui aeroportu yaşıl təpə və palma ağacları ilə əhatə edilən mənzərəli bir məkanda yerləşir. Odur ki, adaya gəldiyin ilk anlardan Tailandın gözəlliyindən zövq ala bilərsən.

Samui adasının iqlimi tropikdir və bitki aləmi də buna müvafiqdir: hər addımda burada kokos palmalarına, papayya, manqo, rambutan və banan ağaclarına, əlvan çiçəklər açan ağaclara rast gəlmək olar. Qaldığınız otelin ərazisində yerli bitkilərlə daha yaxından tanış olmaq mümkündür. Samuidə otel kompleksləri bir qayda olaraq sahil boyunca yerləşir. Onların yaşıllığa və güllüyə burunmuş geniş ərazilərində bir və ya ikimərtəbəli villalar olur. Bu baxımdan bizim qaldığımız "Royal Muang Samui" oteli botanika bağını xatırladırdı. Bəzi ağaclardan onun aid olduğu növ barədə məlumatın yazıldığı lövhələr asılmışdı. Bu yolla biz daha çox qırmızı ağac kimi tanınan iriyarpaqlı "Swietenia", iri, ətirli çiçəkləri ilə fərqlənən plümeriya və ya franjipanini və digər ekzotik bitkiləri tanıdıq.

Oteldə nömrələrin sahəsi geniş olub 90 kvadratmetrdən başlanır. Hər nömrədə iki əlüzyuyanın, cakuzi və duşun olduğu geniş vanna otağı, ikinəfərlik çarpayı, yumşaq mebel, 5.1 audio-videosistemi və ayrıca köşk var. Köşkdən bağa gözəl mənzərə açılır. Oteldə səhər yeməyi üçün burada bitən meyvələr, dəniz məhsulları, manqo, banan, kokos cemləri və digər delikateslər təklif edilir. Səhər yeməyinin verildiyi restoranın terrasından ağ qumlu sahilləri olan çimərliyə mənzərə açılır, sanki əlini uzatsan çatar. Otelin SPA salonunda isə rahatlıq gətirən müxtəlif prosedurlar təklif edilir. Əsl tay masajı ilə ilk dəfə burada tanış olduq.

Tay masajı, kokos yağı və makaka

Məşhur tay masajı dünyada bir çox SPA komplekslərin xidmətinə daxildir, lakin bu terapevtik prosedurun sirlərini hamıdan yaxşı onun vətəni Tailandda bilirlər. Samuidə masaj salonuna hər addımda rast gəlinir. Onların əksəriyyətində qiymət oxşardır. Məsələn, klassik tay masajı 200 batdır (təxminən 6 dollar). Çox populyar olan pəncələrin masajı da eyni qiymətə başa gəlir. Masaj salonlarının yanından keçərkən burada cərgə ilə düzülmüş kreslolarda insanların əyləşdiyini və masajçıların onların ayaqlarının hər birini yarım saat masaj etdiyini görmək olar. Hesab edilir ki, aşağı ətraflarda yerləşən xüsusi nöqtələrə təsir etmək daxili orqanlara və bütövlükdə insanın əhvalına müsbət təsir göstərir. 

Oteldə bizə də nəsib olan klassik tay masajı əzələ və oynaqlara kompleks təsirdən ibarətdir. Prosedurdan əvvəl müştəriyə zərif pijama geydirilir və bununla da masajçı dəriyə toxunmur. Prosedur insanı rahatlandıran şəraitdə sakitləşdirici musiqinin sədaları altında keçirilir. Əlbəttə ki, bu cür masajdan sonra özünü lap quş kimi yüngül hiss edəcəksən. Prosedurdan sonra verilən tonlaşdırıcı bitki çayını içəndən sonra siz qədim Siamın cığırlarını fəth etməyə hazır olacaqsınız. Yeri gəlmişkən, keçən əsrin ortasınadək bu yer belə adlandırılıb.

Tailandda turistlərin əldə etməyə can atdığı ərzaq məhsullarından biri kokos yağıdır. O, kosmetik və qida səciyyəli olduğundan həm apteklərdə, həm də ərzaq mağazalarında satılır. Bu unikal məhsul barədə daha yaxından məlumat əldə etmək üçün biz kokos yağının hazırlandığı ailə təsərrüfatına üz tutduq. Burada turistlər üçün onun hazırlanma prosesini nəinki müşahidə etmək, həm də həmin prosesdə iştirak etmək imkanları yaradılıb.