“Narkomaniyaya qarşı mübarizədə medianın rolu” simpoziumu: “Ermənistan Dağlıq Qarabağı narkoplantasiyaya çevirib”


Digərləri 24 Sen 2018 19:28:00 311 0

“Narkomaniyaya qarşı mübarizədə medianın rolu” simpoziumu: “Ermənistan Dağlıq Qarabağı narkoplantasiyaya çevirib”

Elazığ şəhərində Türkiyə Daxili İşlər Nazirliyi və Elazığ Valiliyinin dəstəyi, Anadolu Yayıncılar Dərnəyinin təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizədə medianın rolu" simpoziumu keçirilib. 

Son.az yenicag-a istinadən bildirir ki, simpoziumda narkotiklərin qanunsuz dövriyyəsinin geniş yayıldığı diqqətə çatdırılıb və bu sosial bəlanın miqyasının azaldılmasında medianın üzərinə düşən vəzifələr ətraflı müzakirə olunub.

Tədbirdə çıxış edən Anadolu Yayıncılar Dərnəyinin sədri Sinan Burhan hazırda dünyada təqribən 250 milyon nəfərin narkotik asılılığı olduğunu bildirib. Burhan qeyd edib ki, simpoziumun təşkilində əsas məqsədlərdən biri də Türkiyədə narkotik istifadəçiləri arasında uşaqların sayının artmasından yaranan narahatlıqdır.

Elazığ valisi Çetin Oktay Kaldırım isə qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, "narkomaniyaya qarşı mübarizə terror əleyhinə mübarizədən fərqlənmir": "İnformasiya texnologiyalarının böyük sürətlə inkişaf etdiyi çox qarışıq bir dövrdə yaşayırıq. Narkomaniyaya qarşı mübarizədə medianın rolunun müzakirəyə çıxarılması çox mühüm məqamdır.

Fırat Universitetinin araşdırmasına əsasən, narkomana çevrilən insanların 56 faizi bu vərdişə "maraq" üzündən başlayır. Mütəxəssislərin bu asılılığın doğurduğu zərərləri dilə gətirmələri vacibdir. Lakin bu məsələyə diletant yanaşmalar daha da mənfi nəticələr doğurur".

Valinin sözlərinə görə, Türkiyədə ötən ilin 9 ayı ərzində yaxalanan narkotik istifadəçilərinin sayı 6 dəfədən çox (650 faiz) artıb. Kaldırım əlavə edib ki, bu sırada kokain istifadəçilərinin sayında 3, psixotrop həb istifadəçilərinin sayında isə 2 dəfə artım qeydə alınıb. Kaldırım narkotik maddələrin qanunsuz dövriyyəsinə nəzarət edən bir çox şəbəkələrin zərərsizləşdirildiyini vurğulayıb.

Simpoziuma qatılan Türkiyə Böyük Millət Məclisinin Elazığdan seçilmiş deputatı Gürsel Erol (CHP) çıxışında bildirib ki, narkotik istifadəçilərinin sayının artmasının səbəbləri olduğu kimi, həll yolları da var. Millət vəkili problemin həlli üçün maarifçilik fəaliyyətinin genişləndirilməsinə çağırıb.

Tədbirdə çıxış edən digər natiqlər - Elazığ Bələdiyyəsinin sədri Mücahit Yanılmaz, Vilayətin polis rəisi Doğan Cangül, professor Kudbettin Demirdağ, ATV telekanalının Ankara təmsilçisi Şebnem Bursalı, "A haber" telekanalının koordinatoru Fatih Atik, "Kanal 7"-nin Ankara təmsilçisi Mehmet Acet, "Akşam" qəzetinin Ankara təmsilçisi Emin Pazarcı, Federasiyasının rəhbəri Süleyman Basa, "İnternet Haber"in Ankara təmsilçisi Hatice Kübra Özdemir, "Kanal Urfa" telekanalının rəhbəri İbrahim Toru, Altaş TV-nin baş redaktoru Doğan Deniz, Çay TV-nin baş redaktoru Hasan Yavuz Bakır, "Kanal Fırat" və ELİKAD qurumunun rəhbəri, professor Yasemin Açık və başqaları narkomaniyaya qarşı mübarizədə medianın imkanlarından səmərəli istifadənin vacibliyini bildiriblər.


Xəbərə aid fotolar