“Bunu onların özləri də gözləmirdi”


Digərləri 24 Sen 2018 12:35:00 379 0

“Bunu onların özləri də gözləmirdi”

Bu yaxınlarda o, Azərbaycanda maraqlı bir ilkə imza atdı. Milli Məclisin deputatı Tahir Mirkişilinin az bal toplayaraq universitetə daxil olan bir qrup tələbəylə görüşmək ideyası cəmiyyətdə maraqla qarşılandı. Deputat inanır ki, məhz onlar gələcəkdə iqtisadiyyatın bir sıra sahələrinin inkişafına töhfə verəcəklər və onları daha yaxşı təhsil almağa təşviq etmək lazımdır. 

Bu ideyası onunla müsahibə almaq istəyimizi bir qədər tezləşdirdi. Görüşümüzdə sözügedən ideyanın necə yaranmasından, aldığı təhsildən, ailəsindən, hobbilərindən, köhnə Bakıyla bağlı xatirələrindən, yeni dönəmdə iqtisadi sahədə qanun layihələrinə ediləcək dəyişikliklərdən və sairə məsələlər ətrafında söhbət etdik.  

Son.az, beləliklə, parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədr müavini deputat Tahir Mirkişilinin qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Bakıda 15 sentyabrda möhtəşəm parad keçirildi. Siz də həmin paradı canlı izləyirdiniz. Biz bir anlıq 100 il əvvəlki dönəmə qayıtdıq. Keçmişi izləmək sizdə hansı hissləri oyatdı? 

- 15 sentyabr tarixi çox şərəfli bir tarixdir. İlk hissim ondan ibarət oldu ki, yaxşıdır vaxtilə babalarımız, əcdadlarımız bu şəhəri azad ediblər. Onlar o zaman qəhrəmancasına döyüşməsəydilər, bu gün nə Bakı şəhəri, nə də Azərbaycan olmazdı. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Burada çox böyük tarixi hadisələr olub. Paradda da o dövrün hərbi geyimlərində həm bizim, həm də Türkiyənin əsgərlərini gördük. Eyni zamanda iki dövlətin birliyinin və bağlılığının şahidi olduq. Müasir silah-sursatlar nümayiş etdirildi. Artıq heç bir qüvvə Bakını  işğal edə bilməz. Dövlətimiz çox güclüdür. Ordumuz kifayət qədər güclüdür. Bu, insanda qürur yaradır. 

O gün həm də bir tarix yazılırdı. Çünki ilk dəfə idi ki, məhz Azərbaycan və Türkiyə orduları birlikdə Azadlıq meydanında addımlayırdı. 1918-cı ildə 15 sentyabrda Bakı işğaldan azad edildikdən sonra Azərbaycan milli ordusunun əsgərləri Osmanlı ordusunun əsgərləri  bir yerdə addımlayırdılar. İnsanlar onları sevinclə qarşılayırdılar. İndi də belə oldu. Azərbaycan və Türkiyə ordularının bir yerdə olması o deməkdir ki, 100 il ərzində Azərbaycan-Türkiyə dostluğunu heç kim poza bilməyib. Prezident İlham Əliyev də çıxışında dedi ki, 100 il bundan öncə də birlikdə idik, bu gün də. Keçən müddət ərzində azərbaycanlıların müstəqillik arzusunu da heç kim əlindən ala bilməyib. 100 il sonra bu xalq yenə ayaqüstədir. Bakı yenə də möhtəşəmdir. Gələcəyə baxıb planlar qururuq. Düşünürəm ki, məhz bu fikirlər paradı izləyənlərin hər birinin beynindən və  ürəyindən keçirdi.    - 100 il əvvəlki köhnə Bakını görməsəniz də, 80-ci illərin Bakısı ilə tanışsınız. Köhnə Bakıdan unudulmayan xatirələriniz varmı? Hansı yerlərin dəyişilmədən qalmasını  istərdiniz?

- Bakı çox sürətlə dəyişir. Son 20 ildə köhnə Bakı ilə indiki Bakı arasında çox böyük fərq var. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Hər bir şəhəri yaşadan təkcə onun küçələri, tarixi yerləri deyil, həm də orada yaşayan insanlar və onların ənənələridir. Bakıda fərqli ənənə həmişə olub və həmişə beynəlmiləl şəhər olub. Nobel qardaşlarının, Rotşildlərin Bakıda biznesə başlaması təsadüfi deyildi. Bununla yanaşı Sovet İttifaqı illərində də Bakıda fərqli ənənələr formalaşmışdı. Bunların bəziləri getdikcə sıradan çıxmağa başlayır. Bunun da əsas səbəbi meqapolisləşmə, onun inkişafı və müasir texnologiyalarla bağlıdır. 

Məsələn, bizim uşaqlıq dövrümüzdə Bakıda çox güclü məhəllə ənənələri var idi.  Oxuduğum orta məktəb Yasamal rayonunda idi. "Sovetski" adlanan məhəllə ilə qonşu idik. Oranın tam fərqli, özünəməxsus ənənələri var idi. İndi yeni nəsil o ənənələrin bəzilərini görməyəcək. Ancaq artıq bu gün Bakıda yeni, fərqli ənənələr formalaşmaqdadır. Bakıda mədəniyyətə, musiqiyə, elmə, gəncliyin daha çox texnologiyalara olan həvəsi güclü yayılır. Bakı bu gün multikultural şəhərə çevrilib. Paytaxtın bugünkü şöhrəti bütün dünyaya yayılır, bu da Azərbaycanın inkişafının çox önəmli bir göstəricisidir.  

- Bu gün paytaxtda hündürmərtəbəli binalar daha çox ucaldılır. Amma bunların  demək olar ki, hər birinin astarı eyni rəngdədir. Bu mənzərə göz yorur. Niyə rəngarənglik yoxdur?

- Hər bir şəhərin öz tarix var. Binaların tikilməsinin də özünün tarixi kökləri var.  Bakıda Asiya və Avropa arxitekturasının qarışığı olan bir şəhər mədəniyyəti formalaşıb. Son zamanlar tikilən binalarda daha çox müxtəlifliyə, müasirliyə və harmoniyaya fikir verilir.  Bakı 1990-cı illərin əvvəlində çətin bir dönəm yaşamışdır. Ölkə ərazisinin 20 faizdən çoxunun işğal edilməsi və ağır müharibə şəraiti Bakıya da öz təsirini göstərmişdir.

Ancaq bir müddət əvvəl prezident İlham Əliyev şəhər arxitekturasında yeni standartların tətbiq olunması, yeni Baş Planın hazırlanması və müasir texnologiyaların tətbiqi ilə bağlı sərəncam verdi. Düşünürəm ki, Bakının arxitekturasında və binaların dizaynında gələcəkdə çox yeniliklər olacaq.  

- Siz uşaqlığınızın "Sovetski" də keçdiyini dediniz. İndi həmin yer sökülüb.  İnsanın uşaqlığının keçdiyi bir yerin artıq olmaması ona necə təsir edir?

- İnsan xaraktercə daha çox konservativ olur və yaşlaşdıqca uşaqlıq illərinin xatirələri onu cəlb edir, nostalji hisslər yaranır. Hətta siz bu gün yaranan və yaradılanın daha yaxşı və müasir olduğunu görsəniz belə. Ancaq sizin öyrəşdiyiniz, adət etdiyiniz, uşaqlıq dostlarınızla bir yerdə böyüdüyünüz bir mühit var. 

Amma gələcəyi fikirləşəndə anlayırsan ki, bu dəyişmə müasir şəraitin tələbidir. Bu insan hissi ilə müasir inkişaf arasında olan sərhəddir. Bu sərhədi keçmək həmişə çətin olur. Bu evlə də, əşyalarla da belədir. Uşaqlar vaxtilə oynadıqları oyuncaqlara baxanda da duyğulanır. Bir çoxları onları saxlayır. Baxmayaraq ki, yeni çıxan oyuncaqlar daha müasirdir. Ona görə də bu hissləri müasir dizaynla tamamlamaq üçün bərpa olunan və ya tikilən bir çix abidələr və ya binalar əvvəlki dizaynı xatırladan, amma daha müasir formadadır. Məsələn, Mehriban xanım Əliyevanın göstərişi ilə "Azneft" meydanında bərpa olunan "Qu quşları" kompozisiyası 1960-cı illərdə yaranmışdı. Bu gün bərpa olunan kompoziya da keçmişdəkini xatırladan, ancaq daha müasir və gözəl dizayndadır. 

- Necə bir ailədə böyümüsünüz? 

- Valideynlərim müəllim idi. Atam riyaziyyat, anam rəsmxətt müəllimi idi. Düzdür, atam sonra dövlət məmuru oldu. Mənim elmə və təhsilə olan həvəsim valideynlərimin nəzarəti və təşviqi əsasında olmuşdur. Riyaziyyatı daha çox sevməyim atamdan mənə keçən təlimin nəticəsi idi. Anamın rəsmxətt müəllimi olması, rəsmlər və modellər üzərində işləməsi mənim dəqiq elmlərə marağımının artmasına böyük təsir edib. 

- Elə bioqrafiyanızla da tanış olanda görürük ki, təhsil yolunuz maraqlıdır. Stanford və Oksfordda tədris proqlarımını bitirmisiniz. Amerika yolunuz necə başladı? 

- Əvvəlcə bildirim ki, mən fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirmişəm. Əsas ixtisasımız riyaziyyat və informatika təhsili ilə bağlı idi. 1994-cü ildə orta məktəbi bitirəndə iqtisadi islahatlarla bağlı ölkədə ümummilli lider Heydər Əliyev tərəfindən ciddi islahatlar həyata keçirilməyə başladı. O zaman biz fikirləşdik ki, iqtisadi sahədə daha faydalı ola bilərik. Sənədlərimizi İqtisadiyyat Universitetinə verdik və ora daxil olduq. Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil almışam. Bizim oxuduğumuz fakültə də yeni yaranmışdı. Azərbaycan dilində ədəbiyyatlarımız da yox idi. Universiteti bitirəndən sonra düşündüm ki, yenidən təhsil almaq insanın özünü inkişaf etdirməsi və uğuru üçün çox vacibdir. Qərar verdim ki, xaricdə təhsilimi davam etdirim. 

Azərbaycanda təhsilin səviyyəsi və keyfiyyəti oxumaq istəyən uşaqlar üçün həmişə yüksək olub. Biz istədiyimiz zaman istənilən informasiyanı tapa bilirdik. Müəllimlərimiz bizə kifayət qədər yaxşı dərslər keçirdi. Seminarlarda bir tələbə bəzən 80 dəqiqə danışırdı. İxtisasım iqtisadiyyat olsa da sonradan texnologiyaların inkişafı bizə böyük təsir bağışladı. 90-cı illərin ortalarından etibarən dünyada dördüncü sənaye inqilabı baş verdi. Qərara gəldim ki, informasiya kommunikasiya texnologiyları istiqamətində təhsilimi davam etdirmək mənə faydalı ola bilər. O zaman İKT-nın vətəni Amerika hesab olunurdu. Stanfordda əlavə xüsusi bir illik artırılmış iqtisadiyyat və İKT-nin idarəolunması ilə bağlı kurs keçdim. Bu, daha çox texnologiyaların və innovasiyaların idarə olunması bağlı idi.

2015-ci ildə Milli Məclisə deputat seçildikdən sonra ATƏT-in  Parlament Assambleyasının üzvü seçildim. Beynəlxaq diplomatiya sahəsində yüksək təhsilin vacibliyini o zaman daha çox hiss etdim. Buna görə də, 2017-ci ildə Oksforda Beynəlxalq iqtisadiyyat və beynəlxalq siyasət, qərarların verilməsində tarazlığın qorunması ilə bağlı xüsusi kursa göndərildim. Oksfordda keçdiyim bu kursda daha çox siyasi və iqtisadi qərarların uzlaşmasında dünyanın mövcud reallıqları və gələcək texnologiyalarının nəzərə alınması ilə bağlı idi.

- Siz Stanfordda təhsil alanda işləyirdiniz? Ona görə soruşuram ki, ailəniz sizə maddi cəhətdən dəstək veribmi? 

- 2000- ci ildə magistraturanı bitirdikdən sonra o zamankı Xarici İqtisadi Əlaqələr Nazirliyində bir müddət işləməyə başladım. Stanfordda aldığım təhsil çalışandan bir neçə il sonra olub. Ona görə də iş fəaliyyətimdəki qazancım hesabına təhsil alırdım. Amma təbii ki, həm təhsilin, həm də həyatın istənilən mərhələsində ailəmin maddi və mənəvi dəstəyi hər zaman yüksək olub.  

- Yəqin ki, siz də valideynləriniz kimi iki övladınızın təhsilinə önəm verirsiniz. Övladlarınız barədə danışa bilərik?

- Düşünürəm ki, valideynin öz övladlarına verə biləcəyi ən önəmli dəyər tərbiyə və təhsildir. Qızım 11-ci, oğlum isə 7-ci sinifdə oxuyur. Əsasən orta məktəbdə aldıqları təhsil müasir dünyagörüşü, texnologiyalar, eyni zamanda Azərbaycan tarixi, ədəbiyyatı və bununla bağlı olan istiqamətlərdir. Qızımın dizayna, oğlumun isə texnologiyalara marağı var. Gələcəkdə hansı universitetdə ali təhsil alacağı ilə bağlı ümumi fikirlərimiz var. Düşünürəm ki, müasir gənclik o qədər sürətlə inkişaf edir ki, onların seçimi daha çox aldıqları təhsilin, dünyagörüşünün və arzularının nəticəsi olmalıdır. Diplom almaq naminə oxumaq doğru deyil. Əvvəllər biz hər hansı ixtisas seçdiyimiz zaman daha çox zamanı əhatə edən sabitliyi planlaşdıra bilirdiksə, indi yaranan imkanlar, ixtisaslar tamamilə dinamikdirlər. Ali məktəb seçimi uşaqların gələcək həyatında əldə edə biləcəyi uğurlarla bağlı olmalıdır.

- Övladlarınızın  yaxşı təshil almasında hər valideyn kimi maraqlısınız. Amma təhsillə yanaşı, tərbiyə də mühümdür. Bu işlə daha çox anaları məşğul olur yəqin.  Bəs, sizin övladlarınızın insan kimi formalaşması üçün hansı tövsiyələriniz olub? 


Xəbərə aid fotolar