Beynəlxalq Muğam Mərkəzində “Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib (FOTO)


Digərləri 22 Sen 2018 19:00:52 291 0

Beynəlxalq Muğam Mərkəzində “Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində “Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib.

Bakı. Vüqar İmanov - Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, diplomatik korpusun nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin, musiqisevərlərin qatıldığı tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib. Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə təsis edilib. Qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, Fond türkdilli xalqlara məxsus mədəniyyət, tarixi irsin mühafizəsi və təbliği yönündə fəaliyyət göstərməkdədir. Hazırda Fondun dəstəyi ilə türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təbliğ edilməsinə dair müxtəlif layihələr üzrə işlər aparılmaqdadır. Diqqətə çatdırılıb ki, belə layihələrdən biri “Dədə Qorqud” kamera orkestrinin yaradılmasıdır. Türk dünyasının ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un baş qəhrəmanının adını daşıyan “Dədə Qorqud” kamera orkestri özündə türk dünyası dövlətlərinin musiqiçilərini birləşdirir. Orkestrın bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur.