Bakı məktəblərində dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib


Digərləri 21 Sen 2018 16:38:13 263 0

Bakı məktəblərində dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirib.

Bakı. İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhəri Binəqədi rayon 83 nömrəli və Səbayıl rayon 189 nömrəli orta məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırş təntənəli yığıncağı keçirib. Səbayıl rayon 189 nömrəli məktəbin direktoru Ceyran Quliyeva və Binəqədi rayon 83 nömrəli məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Nəbi Mahmudov, İkinci Dünya müharibəsi veteranları Ulduz Kəngərli, İsmayıl Fərəcov, Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Təşkilatın əməkdaşları ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Telman Babayev, Nəbi Hacıyev, İsmayıl İsmayılov, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov, Binəqədi və Səbayıl rayon İcra Hakimiyyətlərinin nümayəndələri iştirak etmişlər. Tədbirlərdə həmçinin hər iki təhsil ocağının şagird və müəllim kollektivi, veteranlar Təhsil Nazirliyinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər. C.Xəlilov deyib: “İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan Respublikasının bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 340 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində təkcə cəbhəyə yola saldığı 700 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. Buna görə də böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə qoşulması və ev sahibliyi etməsi onun mənəvi haqqıdır. Bu gün keçirilən təntənəli aksiya həm də xalqımızın bir daha dünyaya sülh mesajları çatdırmasıdır. Bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması da belə tədbirlər çərçivəsində dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılır. Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olmalıyıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız da dəstək verməlidir. Mən bugünkü tədblərin təşkilində fəal iştiraklarına görə Respublika Veteranlar Təşkilatının rəhbərliyi adından 189 və 83 nömrəli məktəblərin direktorlarına, pedoqoji kollektivlərinə, şagirdlərə minnətdarlığımı bildirirəm. Veteranlarımıza çox sağ olun deyirəm ki, onlar yaşlarının ahıl çağında da daim belə tədbirlərdə həvəslə iştirak edirlər”.