Həkim olacaqdı, lakin BANMa gəldi: Vüsal Həsrətlinin mühəndislik sevgisi FOTO


Digərləri 21 Sen 2018 11:55:00 342 0

Həkim olacaqdı, lakin BANMa gəldi: Vüsal Həsrətlinin mühəndislik sevgisi  FOTO

Tibb təhsilini yarımçıq qoyaraq mühəndis olmağa qərar vermiş Vüsal Həsrətli Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

Son.az-a müsahibəni təqdim edir:

- Özünüz haqda bir az məlumat verərdiniz.

- Mən Vüsal Həsrətli, 19 yaşım var. Biləsuvarlıyam və orda yaşayıram. 7,8,9-cu sinifləri Lənkəranda liseydə oxumuşam. 2016-ci ildə isə M.İbrahimov adına Biləsuvar Liseyindən məzun olmuşam. Uzun müddət şahmatla məşğul olmuşam. Təbiətcə sakit, səbirli və dostcanlı biriyəm.

- Həkimliyə marağınız nədən yaranmışdı?

- Həkimliyə heç vaxt marağım olmayıb. Sadəcə ailə böyüklərinin arzularını reallaşdırmaq və məktəbin yönləndirməsiylə belə alınmışdı.

- Bəs nə baş verdi ki, Prezident təqaüdçüsü olan tibb tələbəsi təhsilini yarımçıq qoyaraq hər şeyi kökündən dəyişdi?

- Tibbdə təhsilin ilk ayları normal keçdi, lakin sonradan həvəssiz olduğum üçün bu təhsil məndə maraq oyada bilmədi. Uzun müddət ayrılmağı düşündüm. Amma nə vaxt bu barədə danışsam, hamı həkimliyi tərifləyirdi, deyirdilər, ömürlük işdi, hər zaman qazancın olacaq, hamı hörmətini saxlayacaq və s.

- Mühəndisliyə marağınız nə zamandan formalaşdı?

- Jül Vernin "Sirli ada" əsərini oxumuşdum, orda bir obraz var - Mühəndis Sayres Smit. Onun adada gördüyü işlər, etdiyi ölçmələr və düzəltdiyi cihazlar məni heyran etmişdi. Sonradan kimya dərsini keçməyə başlayanda başa düşdüm ki, mən məhz bu sahənin adamıyam.

- Bu hadisə ölkədə nadir hallardan biri hesab edilir. Bəs niyə məhz BANM?

- 11-ci sinifdə bizi universitetlərlə tanış olma məqsədilə BANM-a gətirmişdilər. Elə o zamandan universitet çox xoşuma gəlmişdi. Hətta qayıtdıqdan sonra qrupumu dəyişib 1-ci ixtisas qrupu üzrə qəbul imtahanı vermək istədim, amma gec idi. BANM mənim ixtisasım üzrə ən yaxşısıdır.

- Sizcə, BANM-ı digər universitetlərdən üstün edən amil hansıdır?

- BANM digər universitetlərlə müqayisədə yeni olsa da, ilk ilindən fərqini ortaya qoymağı bacarmış bir universitetdir. Məzunları haqqında bir az məlumat oxumaq kifayətdir.

- Hər bir tələbənin gələcək üçün müəyyən hədəfləri olur. Gələcəkdə hansı böyük layihəni gerçəkləşdirmək istəyirsiniz?

- Mən vətənpərvər insanam. Həmişə istəmişəm ki, ölkəm üçün, xalq üçün böyük işlər görüm. Xalqıma xidmət edəcək istənilən layihəni reallaşdırmağa varam.

 

Xəbərə aid fotolar