Heyvanları botulizm xəstəliyindən necə qorumalı?


Digərləri 21 Sen 2018 07:07:00 275 0

Heyvanları botulizm xəstəliyindən necə qorumalı?

Botulizm heyvanların ağırgedişli infeksion xəstəliyi olub, mərkəzi sinir sisteminin pozğunluğu, dil, udlaq, alt çənənin iflici və skelet əzələlərinin tonusdan düşməsi ilə səciyyələnir. Xəstəliyə əksər növ heyvan və quşlar həssasdır. Bu xəstəliyə insanlar da tutulurlar.

Dövlət Baytarlıq Xidmətindən Son.az-a bildirilib ki, bu xəstəliyə əksər növ heyvan və quşlar həssasdır. Bu xəstəliyə insanlar da tutulurlar.

Xəstəliyin törədicisi-patogen (toksin ifraz edən) klostridlərə aiddir. Ən güclü toksini amilin A tipi törədir. Belə ki, 10 milliqram kristal toksin Yer kürəsindəki əhalini məhv etmək qabiliyyətinə malikdir.

Atlarda xəstəliyi ən çox amilin B tipi, az hallarda isə A və C tipi törədir. D və C tipi qaramalda, C tipi xırdabuynuzlu heyvanlarda və xəzdərili heyvanlarda xəstəlik törədir.

Botulizmin törədicisi təbiətdə geniş yayılmaqla, onu torpaqda müxtəlif bitkilərin səthindən meyvə-tərəvəzdən, heyvan cəmdəklərindən və s. əldə etmək mümkündür. Yem məhsullarına düşmüş amil anaerob şəraitdə uyğun temperatura və nəmlik şəraitində sürətlə artıb çoxalır və toksin hasil edir. Ətyeyən heyvanlarda yoluxma xarab olmuş ət və balıq məhsullarından baş verir.

Təbii şəraitdə heyvanların yoluxması əsas etibarilə alimentar yolla baş verir. Botulinus toksini ilə heyvanların zəhərlənməsi çox vaxt həzm traktı ilə baş verir. Bundan əlavə, heyvanların zədəli toxumalarında da amilin çoxalması və toksin hasil edilir.

Həşəratlar öz inkişafının bütün dövrlərində özlərində toksin, amilin vegetativ və spor formalarını saxlayır və toksinin fəallığı tədricən zəifləyir. Quşlar çox vaxt ölmüş həşəratları yeyən zaman yoluxur. Torpaqda fosfor az miqdarda olduqda xəstəliyə daha çox təsadüf edilir.

Xəstəliyin inkubasiya dövrü bir neçə saatdan 10 günə qədərdir. Adətən toksiki yem qəbul edilməsindən bir neçə gün keçmiş xəstəlik baş verir. Xəstəlik çox iti formada davam edir.

Xəstə atlarda çeynəmə aktı pozulur, ağızdan maye ifrazı müşahidə edilir. Bəzən atlarda qısamüddətli sancı əlamətləri nəzərə çarpır, sonra udlağın iflici görünür və dil ağızdan xaricə çıxır. Daha sonra üst göz qapağı və alt çənənin iflici yaranır. Çeynəmə tamamilə pozulur. Skelet əzələlərinin tonusdan düşməsi nəticəsində hərəkət çətinləşir, səndələmə hərəkətləri nəzərə çarpır. Görünən selikli qişalar əvvəlcə hiperemiyalı və daha sonra sianozlu görünür. Tənəffüs səthinin tezləşməsi və burun dəliklərinin genişlənməsi müşahidə edilir. Xəstəlik zamanı udlağın iflici ilə əlaqədar olaraq aspirasyon pnevmoniya və qanqrena inkişaf edir. Atlarda taxikardiya aritmiya ilə əlaqədar olaraq ürək fəaliyyətinin pozulması, bağırsaqların peristaltikasının zəifləməsi müşahidə edilir. Xəstəliyin sonunda bağırsaqlarda atoniya inkişafı ilə əlaqədar olaraq qəbizlik və defekasiyanın çətinləşməsi nəzərə çarpır.

Digər növ heyvanlarda kliniki əlamətlər atlarda olduğu kimidir. Bəzən qaramalda xəstəlik xroniki formada getməklə 2 aya qədər davam edir.

Donuzlarda bu xəstəlik nadir hallarda müşahidə olunmaqla, səsin itməsi, müvazinətin pozulması və gözlərinin tutulmasından sonra 1-3 gün müddətində ölümlə nəticələnir. Quşlarda ümumi zəiflik, hərəkətin pozulması, ishal və qəbizlik, ətraflarda, qanadlarda iflic və ölüm müşahidə edilir.


Xəbərə aid fotolar