Gürcüstanda marixuana qanunu yarımçıq qaldı


Dünya 20 Sen 2018 23:25:00 202 0

Gürcüstanda marixuana qanunu yarımçıq qaldı

Gürcüstanın Pravoslav kilsəsi marixuananın tibbi məqsədlər üçün becərilməsini leqallaşdırmağı nəzərdə tutan qanun layihəsinə etiraz edib. Bundan sonra Gürcüstan hökuməti layihəni yarımçıq saxlayıb.

Parlament spikeri İrakli Kobakhidze jurnalistlərə deyib ki, hökumət hər hansı "tələsik qərarlar" verməyəcək və öz mesajını bütün respublika ictimaiyyətinə çatdırmağa çalışacaq, civil.ge saytı yazır.

"Yanlış məlumatlar yayılmaqdadır, buna görə də biz ictimaiyyətə məlumat verməyə xüsusi diqqət yetirməli və daha sonra birlikdə qərar verməliyik", - o deyib.

Kobakhidzenin sözlərinə görə, layihə əleyhdarları insanlara "çaşdırıcı məlumatlar" verir və deyirlər ki, narkotiklərə qoyulan bütün məhdudiyyətlər qaldırılacaq.

Gürcüstanın Daxili İşlər Nazirliyi ayın əvvəlində bildirmişdi ki, layihə qəbul olunsa belə, marixuananın Gürcüstanda satışı yenə də cinayət məsuliyyəti daşıyacaq və layihə qəti olaraq ixrac üçün nəzərdə tutulur, İPN xəbər agentliyi yazır.

Bu ilin yayında gürcü polislər gecə klublarında narkotik reydləri keçirməyə başlamışdı və fəallar iddia edirdi ki, reyd keçirilən klublar geylərin çoxluq təşkil etdiyi yerlərdir.

Polis reydlərindən sonra Gürcüstanda kütləvi etirazlar başlanmışdı.

Gürcüstanın Girçi partiyası etirazlar zamanı narkotik qanunları haqqında ölkənin Konstitusiya məhkəməsinə müraciət etmiş və məhkəmə marixuananın şəxsi istifadəsini leqallaşdırmışdı.

"LGBT propaqandası"

Hökumət hər hansı LGBT gündəminin olmadığını deyib. Kilsə və onun müttəfiqlərinə görə isə, narkotiklə bağlı bütün məsələlər onların gey hüquqlarına qarşı çıxmaları ilə bağlıdır.

Kilsənin mövqeyini tez-tez sosial mediada paylaşan keşiş Andria Jaghmaidze BBC-yə deyib ki, "LGBT təbliğatı kilsənin öyrətdilərinə zidd olan kəskin liberallaşdırılmış narkotik siyasətini yayır".

Marixuananın becərilməsi layihəsi yepiskoplar tərəfindən narahatlıqla qarşılanıb. Pravoslav Kilsəsinin rəhbəri Patriarx II İlia da bazar günü məsələ ilə bağlı açıq danışıb.